"Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulublar. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan çox qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir".
SalamNews-un məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində bildirib.
Ölkə başçısı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki, bu, tezliklə sülh yolu ilə olsun.
O deyib: "Hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıbdır. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər".