“Qondarma “Dağlıq Qarabağ rejimi”nin «müdafiə naziri» Movses Akopyanın müharibə başlayacağı halda yenə qalib gələcəkləri barədə dedikləri reallığa qətiyyən uyğun gəlmir"
Onlar vaxtaşırı bu cür çıxışlar edirlər. Lakin özləri də vəziyyətin tamam başqa şəkildə olduğunu anlamamış deyillər. Ona görə də belə boş və cəfəng bəyanatlarla yalnız daxili həyəcanı sakitləşdirməyə çalışırlar”. Bu fikirləri APA-nın sualına cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.
Eldar Sabiroğlu deyib ki, indi həm Ermənistanın özündə, həm də işğal olunmuş ərazilərdəki hərbi hissələrdə baş verən ciddi çatışmazlıqlar əhali arasında böyük təşvişə səbəb olub. Ermənistan hökumətini və hərbi rəhbərliyini də narahat edən budur: “Ermənistanın informasiya mənbələrinə diqqət yetirsəniz, bizim dediklərimizin sübutunu orada aydın görə bilərsiniz. Onlar çox narahatdırlar, Azərbaycan Ordusunun inkişafından, əldə etdiyi yeni silahlardan qorxuya düşüblər. Ali Baş Komandanımız İlham Əliyevin şəxsi iradəsi ilə hərbi büdcəmizin ildən-ilə artırılması da düşmənin yuxusunu əməlli-başlı qaçırıb. Mənasız bəyanatların mahiyyəti də yalnız bununla bağlıdır. Həqiqətən, son illər ordumuz xeyli dərəcədə güclənib. Bunu təkcə biz yox, digər dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər”.
Nazirlik sözçüsü qeyd edib ki, bu günlərdə Böyük Britaniyadakı Beynəlxalq Araşdırma İnstitutunun açıqladığı hesabat düşmənə tutarlı cavab sayıla bilər. Onun sözlərinə görə, həmin hesabatda aparılan müqayisələr bütün parametrlər üzrə Azərbaycan Ordusunun Ermənistanın silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bir daha göstərir: “Bu, bir həqiqətdir. Şəxsi heyətin döyüş qabiliyyətinin güclü olmasını da əlavə etsək, müharibənin başlayacağı təqdirdə Azərbaycanın Ermənistanı qısa müddətdə məğlub edəcəyi qaçılmazdır”.