Ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya  verilən məlumata görə,  Azərbaycan Respublikasının vətəndaşları -  Bunyatov Eldar Hacıbaba oğlu və Qənbərov Münasib Mikayıl oğlu  saxlanılıb. Məlum olub ki, Eldar Bunyatov, Münasib Qənbərov, həmçinin  hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının  vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli  miqdarda həşiş qətranını Azərbaycan Respublikasının gömrük sərhədindən  gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. 
 
 Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin iranlı  Astara rayonunun Pəlikəş kəndi yaxınlığında narkotik vasitəni Eldar  Bunyatova təhvil verib. Bundan sonra Eldar Bunyatov və Münasib Qənbərov  içərisində narkotik vasitə olan 2 ədəd bağlamanı yaşadıqları ərazinin  yaxınlığındakı meşə zolağında gizlədiblər.
 
 Əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bunyatov və Münasib  Qənbərov yaxalanıb, baxış zamanı sonuncunun Astara rayonunun Şümrüd  kəndi yaxınlığında narkotik vasitəni gizlətdiyi yerdən qrupa məxsus  içərisində 11 kiloqram 794.9 qram həşiş qətranı olan 2 ədəd bağlama  aşkar edilərək götürülüb.
 
 Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının  vətəndaşları - Nağıyev Hafis Böyükxan oğlu və Nəsirov Cavid Məmməd oğlu  saxlanılıb, onlardan 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.  Məlum olub ki, Cavid Nəsirovun sifarişi ilə hazırda şəxsiyyəti  istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən  əldə olunmuş razılığa əsasən, həmin narkotik vasitəni qaçaq yolla  Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun  Cəfərli kəndi yaxınlığında torpağa basdırmış və bu barədə Cavid Nəsirovu  məlumatlandırıb. Bundan sonra Cavid Nəsirovun tapşırığına əsasən, Hafis  Nağıyev Cəlilabad rayonuna gəlib və Cəfərli kəndinə gedərək gizlədilmiş  narkotik vasitəni götürüb taksi ilə Bakı şəhərinə qayıdıb. Gecə  təxminən saat 00:20 radələrində Hafis Nağıyev Lökbatan dairəsində Cavid  Nəsirovla görüşərək gətirdiyi narkotik vasitəni ona təhvil verərkən  Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıb. 
 
 Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının  vətəndaşları – Mirzəyev Vəkil Zeynal oğlu və Bayramov Zaur Nux oğlu  saxlanılıb, onlardan 1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.  Müəyyən edilib ki, Mirzəyev Vəkil və Zaur Bayramov, habelə hazırda  şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı  və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik  vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.
 
 Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının  vətəndaşları – Ələkbərov Maarif Famil oğlu, Əhmədov Pərviz İbrahim oğlu  və Süleymanov Eldar Mədət oğlu yaxalanmış, keçirilmiş baxış nəticəsində  onlardan 881,1 qram heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Maarif  Ələkbərov, Pərviz Əhmədov və Eldar Süleymanov, habelə hazırda  şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının  vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin  narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.
 
 Digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin  qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan  Respublikasının vətəndaşları – Qasımov Oruc Vəliağa oğlu, Abduləliyev  Arif Məhər oğlu, Həsənov Zaman İman oğlu, Hüseynov Hüseynağa Abbasqulu  oğlu və Əliyeva Firəngiz Məmmədağa qızı saxlanılıb, onların üzərindən  572 qram heroin aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Oruc  Qasımov, Arif Abduləliyev, Zaman Həsənov, Hüseynağa Hüseynov və Firəngiz  Əliyeva, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam  Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış  məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana  gətiriblər.
 
 Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə  Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Xəyam Xanlar oğlu və  Qorçuzadə Məhəmməd İsrayıl oğlu Gəncə şəhərində saxlanılıblar.  Keçirilmiş baxış zamanı Xəyam Hüseynovun evindən 1 ədəd «Makarov» tipli  tapança və həmin tapança üçün 7 ədəd güllə aşkarlanaraq götürülüb.  Müəyyən edilib ki, Məhəmməd Qorçuzadə Gəncə şəhərinə gələrək burada  Xəyam Hüseynovla görüşüb və Rusiya Federasiyasının Sankt-Peterburq  şəhərində yaşayan qardaşı Qorçuzadə İbrahim İsrail oğluna qaçaq yolla  çatdırmaq üçün, sonuncunun tapşırığına əsasən həmin silah-sursatı  “Azərbaycan-Rusiya” marşrutu üzrə avtobus sürücüsü işləyən Xəyyam  Hüseynova təhvil verib.
 
 Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin  digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.














