Sentyabrın 7-də Lənkəranda ölkənin inanclı təbəqəsinə qarşı yönələn növbəti çirkin təxribat qeydə alınıb.
Belə ki, heç bir günahı olmadan həbs edilən Qismət İsayevin azad olunması münasibətiylə polis məntəqəsi qarşısına toplaşan dindarlar qəfil hücuma məruz qalıblar. Hücum əvvəlcə polis tərəfindən həyata keçirilib, sonra isə bu özbaşnalığa xüsusi təyinatlı dəstələr də yardım ediblər. Hücum zamanı dəyənəklərdən və gözyaşardıcı qazdan da istifadə edilib.
Nəticədə çox sayda vətəndaş yaralanıb, onlarla inanclı isə həbs edilib.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Lənkəranda baş verən son hadisələri İslama, müsəlmanlara və Azərbaycan Respublikasının Qanunvericiliyinə qarşı yönələn aksiya kimi qiymətləndirir. Cənub bölgəsində növbəti məmur özbaşnalığı təzahür edib. Günahsız inanlara qarşı zor tətbiq edilib.
MMDİB sentyabrın 7-də Lənkəranda baş verən hadisələri birmənalı şəkildə pisləyir və bu məmur özbaşnalığına qəti etiraz bildirdiyini bəyan edir. Belə hallara son qoyulmalıdır! Əks halda, Azərbaycan, Konstitusiya əsasında mövcud olan dövlət deyil, anarxiya hökm sürən bir quruma çevriləcək.
Dövlət strukturlarının adi vətəndaşların hüquqlarını kobud surətdə pozmalarına son qoymalarını, vətəndaşların əminamanlıqlarını və Konstitusiya haqqlarını qorumaq vəzifəsini nəhayət ki, həyata keçirmələrini tələb edirik.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi (İslam-Azeri)