Məlumata görə, hadisə sentyabrın 3-də saat 00.15 radələrində rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb.
Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə “Vinçestr” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.
Şəhər Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Masallı sakinləri - 26 yaşlı Emil Bağırov və 24 yaşlı Ramil Hümmətov tutulub, 21 yaşlı Zamin Sadıqov, 25 yaşlı Elvin Mirzəyev, 27 yaşlı Arif Feyzullayev, 20 yaşlı Orxan Dəyyanov, 34 yaşlı Sadiq Həsənov və Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Emin Bəşirov isə müəyyən edilib. Hadisənin A.Feyzullayev tərəfindən "Vinçester" markalı tüfənglə törədilməsi müəyyən edilib.