İlham Əliyev: “Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”

Bu gün Heydər Əliyev Mərkəzində Crans Montana Forumunun rəsmi açılışı olub

Bu gün Heydər Əliyev Mərkəzində Crans Montana Forumunun rəsmi açılışı olub. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bu il 23-cü dəfə keçirilən Crans Montana Forumunda Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri mərasimdə iştirak ediblər.

Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.

Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Crans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Crans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - “Prix De La Fondation” mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Crans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun işində iştirak edən dövlət başçıları və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşüblər.

Mərasimi açan forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Bakıda keçirilən 23-cü illik toplantıda iştirak edən qonaqları salamlayıb. Azərbaycan prezidentinə yaradılan yüksək şəraitə görə təşəkkür edən Jan Pol Karteron bu gün dünyanın mühüm dairələrinin Azərbaycana toplaşdığını deyib. O, 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və bu gün uğurla davam etdirilən proseslərin ölkəmizin inkişafı ilə nəticələndiyini bildirib. “Biz bilirik ki, Azərbaycanda hansı inkişaf prosesləri baş verir və ölkəniz dünyada güclü oyunçuya çevrilir”,- deyən Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev forumda çıxış edib. “Əminəm ki, Bakıya gələn qonaqlar cəmiyyətimizdəki inkişaf ruhunu hiss edəcəklər”, deyən dövlət başçısı son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayıb, bunu ölkəmizin tarixi irsi kimi xarakterizə edib. Prezident İlham Əliyev uzun illərdir müxtəlif mədəniyyətlərə malik insanların ölkəmizdə sülh şəraitində birgə yaşamasını Azərbaycan üçün tarixi nailiyyət adlandırdı, ötən 20 ildə siyasi-iqtisadi cəhətdən inkişaf edən ölkəmizin demokratik inkişaf yolu ilə uğurla irəlilədiyini bildirib.

“Müstəqillik bizim üçün ən böyük sərvətdir”, - deyən dövlətimizin başçısı çıxışında Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışıb, ölkəmizin regional əməkdaşlığa böyük önəm verdiyini deyib.

Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin işğal olunduğunu, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın hələ də bu qərarları yerinə yetirmədiyini diqqətə çatdırıb.

Azərbaycanın artan gücünün münaqişənin həllinə imkan verəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin xarici siyasətinin tam aydın olduğunu deyib. O, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu və bizi dəstəkləyən ölkələrin inamını doğruldacağımızı vurğulayıb. Azərbaycanın böyük neft-qaz ehtiyatlarına malik olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin tam şəffaf olduğunu bildirib.

Prezident qeyd edib ki, Azərbaycan enerji siyasətinin yeni müstəvilərinin açılması, bununla iqtisadi rifaha malik olmaq məqsədlərini qarşısına qoyub.

“Bizim gündəliyimizdə olan bütün layihələr uğurla həyata keçirilib”, - deyən prezident İlham Əliyev Transanadolu qaz boru kəmərinin tikintisinə dair bu günlərdə İstanbulda imzalanan sənədin əhəmiyyətindən də danışıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili çıxışında Azərbaycanın iqtisadi inkişaf sahəsində güclü təcrübə əldə etdiyini, ölkədə həyata keçirilən sosial islahatların və infrastrukturun yaradılmasının sevindirici olduğunu bildirib. Azərbaycanın beynəlxalq miqyasda da güclü təmsil olunduğunu deyən Gürcüstan prezidenti qloballaşma məsələlərinə toxunub, ölkəsində həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb.

Monteneqro prezidenti Filip Vuyanoviç Crans Montana Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Azərbaycanın nailiyyətləri mənə çox böyük təsir bağışlayır və mən rəsmi səfərlər zamanı Azərbaycan haqqında daha çox məlumat əldə etmişdim”, - deyən dövlət başçısı ölkəmizin beynəlxalq prinsiplərə sadiq olduğunu və gələcəyə çox dəqiq baxdığını bildirib.

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov isə dünyada gedən qloballaşma və bunun nəticəsində ortaya çıxan problemlər haqqında danışıb. “Yoxsulluğun azaldılması təhsilin səviyyəsindən asılıdır”, - deyən George İvanov Makedoniyanın inkişaf mərhələləri, NATO-ya üzvlük, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinə dair ölkəsinin prioritetləri barədə məlumat verib. O, Makedoniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Birləşmiş Ərəb Əmiliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi də Prezident İlham Əliyevə bu forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. “XXI əsrdə inkişaf üçün böyük potensial vardır”, - deyən BƏƏ-nin nümayəndəsi dünyada enerji təhlükəsizliyi ilə bağlı yaşanan proseslərə nəzər salıb.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveys bu forumun ölkələrarası əməkdaşlığın inkişafına böyük dəstək verəcəyini deyib. Azərbaycan prezidentinə 2003-cü ildən İraqda aparılan demokratik proseslərə verdiyi dəstəyə görə təşəkkür edən qonaq ölkəmizdə və paytaxtımızda gedən inkişaf proseslərini yüksək qiymətləndirib, İraq əsilli Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzinə gəlməkdən məmnunluğunu bildirib.

Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın onda böyük təəssürat yaratdığını Estoniya parlamentinin sədri xanım Ene Erqman da vurğulayıb. O, prezident İlham Əliyevin enerji siyasətinin uğurlarından danışıb.

Sonra diskussiya şəraitində davam etdirilən forumda müxtəlif ölkələri təmsil edən nümayəndələr suallar veriblər. Azərbaycanın qarşıdakı 10 ildə inkişaf strategiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizdə həyata keçirilən təhsil islahatları ilə bağlı suallara cavabında prezident İlham Əliyev enerji layihələrindən əldə olunan mənfəətlərdən səmərəli istifadə edildiyini, Dövlət Neft Fonduna yığılan vəsaitlərin daha çox sosial problemlərin həllinə, xalqın rifah halının yaxşılaşdırılmasına sərf edildiyini bildirib. Dövlət başçısı qarşıdakı 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılması, İKT-nin inkişafı, müasir sənaye sahələrinin yaradılması və Azərbaycanın adambaşına düşən gəlirə görə dünyada ön sıralara çıxarılmasının mühüm hədəflər olduğunu bildirib. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ortada olduğunu, ərazi bütövlüyü prinsipinin aparılan danışıqların əsasını təşkil etdiyini diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Təhsil islahatları ilə bağlı sualın cavabında isə prezident İlham Əliyev bildirib ki, bu gün ölkədə həyata keçirilən çoxşaxəli islahatların mühüm tərkib hissəsi olan təhsil sektorunun inkişafı bu sahədə güclü infrastrukturun yaradılmasından, maddi-texniki bazanın yaxşılaşdırılmasından keçir və Azərbaycan öz gələcəyinin yaxşı təhsil üzərində qurulmasına inanır.

Digər çıxışçılar da ölkələrində həyata keçirilən inkişaf prosesləri, qloballaşmanın dünya iqtisadiyyatına təsiri, Avropanın gələcəyi və digər mövzularla bağlı suallara cavab veriblər.

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Forum iştirakçılarının şərəfinə nahar verilib.

В этом разделе