Dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısına həsr edilmiş iclasda Dağlıq Qarabağ münaqişəsinə də toxunub
“Növbəti aylar, illər ərzində bizim xarici siyasətlə bağlı işimiz daha da böyük, əlaqələrimiz daha da geniş olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Məndə buna heç bir şübhə yoxdur”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.
Dövlət başçısı danışıqlar prosesində müəyyən durğunluq olduğunu bildirib: “Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış ediblər və “status-kvo”nun qəbuledilməz olduğunu bir daha təsdiq ediblər. Hələ ki, “status-kvo”nu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. “Status-kvo” dəyişdirilməlidir. Həm Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər “status-kvo”nun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. “Status-kvo”nun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyllər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaq”.
Prezident deyib ki, bütün siyasi və diplomatik səylərlə yanaşı, Azərbaycan hərbi qüdrətini də artırır, gücləndirir: “Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaq. Bizim həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalimiz artır. Son məlumata görə, artıq Azərbaycanın əhalisi 9,3 milyon nəfərə çatıb. Ermənistana gəldikdə, ancaq onların rəsmi statistikasına görə ilin birinci beş ayında 80 min nəfər o ölkəni həmişəlik tərk edib. İlin sonuna qədər bu rəqəm təqribən 170, 200 minə çatacaq. Beləliklə, bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcək. Təsadüfi deyil ki, son çıxışlarımda mən bu məsələyə xüsusilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım var. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir. İqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən iki dəfə çox əhalini işlə təmin edək və bütün şəraiti yaradaq.
Əlbəttə ki, bu, olacaq. Bu gün 9,3 milyondur. Bir neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni, bu proses gedir və gedəcək. Biz indidən müəyyən əlavə tədbirlərin görülməsi ilə bu prosesi daha da stimullaşdırmalıyıq.
Ermənistana gəldikdə, bəlkə də Ermənistan rəhbərləri sevinir ki, əhali azalır. Çünki orada nə iş yerləri, nə pul, nə iqtisadiyyat, nə sənaye, nə də heç bir perspektiv yoxdur. Əhali nə qədər azalsa, hökumətin üzərinə düşən yük də o qədər azalır. Bu, bir yanaşmadır.
Bizim yanaşmamız tam başqadır. Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq - bu ümumiyyətlə gələcək üçün lazımdır. Çünki bu gün dünyada əfsuslar olsun ki, bir çox halda beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Güc amili ön plana çıxır. Bu, əslində ötən əsrlər üçün xas olan bir mənzərə idi. Sadəcə olaraq İkinci Dünya müharibəsindən sonra - dünyanın yeni quruluşu, yeni qaydaları tətbiq olunduqdan sonra beynəlxalq hüquq normaları əsas kimi qəbul edildi və bu gün də bu, belədir. Ancaq tendensiyalara və bölgədə, dünyada gedən proseslərə baxdıqda biz görürük ki, bəzi hallarda beynəlxalq hüquq normalarına kobudcasına zidd olan addımlar atılır, güc amili ön plana çıxır. Güclü kimdir, haqlı da odur. Bu, bizim seçimimiz deyil, amma əfsuslar olsun ki, dünyada gedən proseslər bunu göstərir. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Ona görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq, ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə deyərlər, daha da sürətli idi. Biz statistik rəqəmlərdə bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı daha da çoxdur, nəinki 10-15 il bundan əvvəl. Yəni, bu, iqtisadi və sosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə də deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmalıdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, dövlət başçısı qeyd edib ki, son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün dövlət, hökumət, diplomatiya, ictimai təşkilatlar, diaspor təşkilatları çox böyük işlər görüb: “Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul edib. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcək. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da artacaq”.