Allahşükür Paşazadə hicabla bağlı danışıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bəzi məktəblərdə yer alan hicab məsələsilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirib: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır”.
Şeyxülislam A.Paşazadə  hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl  olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam  hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın  olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, -  deyə QMİ sədri bildirib. A.Paşazadə ana və nənələrin baş örtüsündə  olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə  olduğunu önə çəkib. 
Hazırda bu problemin bütün təhsil sistemində  yox, bəzi orta məktəblərdə yaşanmasına toxunan şeyxülislam bu məsələnin  bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu ifadə edib.  
Şeyxülislamın fikrincə, hicab kiminsə inanclı, kiminsə inancız  olmasının göstəricisi deyil, sadəcə olaraq fərd olaraq insanın belə  görünmək istəməsinin təzahürüdür. Şeyx, hicabın dövlət qanunları ilə  dəstəkləndiyinə də vurğu edərək, qanunlarımızın bunu təmin etməsinə  diqqət çəkdi: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat  hiss edirsə, buna mane olmaq lazım deyil”, deyə A.Paşazadə qeyd edib.














