"Bəzi qüvvələr Nizaminin əsərlərini özününküləşdirmək istəyir"
Dünən Azərbaycan prezidenti İlham Əliyev Milli Elmlər akademiyasının illik ümumi yığıncağında iştirak edib. Yığıncaqda çıxış edən Azərbaycan prezidenti bəzi məsələlərə toxunub. Bunların sırasında "Nizami mərkəzi"nin yaradılması da olub:
"Nizami mərkəzinin yaradılması ilə əlaqədar səslənən təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir. O ki qaldı hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə çıxmaq, yaxud da özünküləşdirmək məsələsinə, əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə üzləşirik. Bunun da əsas səbəbi ondadır ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özünküləşdirmək üçün cəhdlər göstərirlər. Bu təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi Üzeyir bəyin əsərləri özünküləşdirilir. Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu, sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu, erməni sözü deyildir. Ona görə də belə hərəkətlər əlbəttə ki, bizi çox üzür".
Qeyd edək ki, Nizami Gəncəvinin türk dilində əsəri tapılmayıb. Dahi şair öz əsərlərini əsasən fars dilində yazıb və bu məsələ çox hallarda Nizaminin milliyəti ilə bağlı mübahisələrə səbəb olub.