Ermənistan İranın Qarabağ müharibəsində Azərbaycana yardım göstərməsini təsdiq etdi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan İranın ali dini rəhbəri ayətullah Xameneyinin nümayəndəsi Seyid Həsən Amulinin İranın Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı bəyanatını təsdiq edib

Bu barədə SalamNews erməni mətbuatına istinadən xəbər verir.
Ohanyan söyləyib ki, Qarabağ müharibəsinin müəyyən mərhələsində münaqişə zonasında əfqan mücahidlərindən təşkil olunmuş dəstələr fəal döyüşüb. Ohanyan bu sözləri ayətullah Amulinin çıxışı ilə bağlı parlamentə izahat verərəkən söyləyib.
SalamNews-un “arannews” agentliyinə istinadən verdiyi xəbərə görə, imam-cümə ayətullah Amuli bəyan edib ki, Azərbaycanla İran arasında əlaqələr möhkəm tarixi və dini köklərə əsaslanır. Lakin Qərb Dağlıq Qarabağ problemi ilə spekulyasiya edərək iki qardaş xalq arasında ixtilaf salmaq istəyir.
İmam-cümə həmçinin qeyd edib ki, Qarabağ müharibəsi zamanı Azərbaycan-İran birgə müdafiə qərargahı yaradılıb. Bu çərçivədə Təbriz və Ərdəbil generalları gecə-gündüz erməni aqressiyasının qarşısını almaq üçün əllərindən gələni edir, azərbaycanlı qardaşlarına kömək göstərirdilər.
“İran həmçinin lazım olanda Əfqanıstandan gətirilmiş minlərlə döyüşçünün cəbhə xəttinə çatdırılmasına yardım göstərib. Biz erməniləri deyil, azərbaycanlı qardaşlarımızı silah və sürsatla təmin etmişik. Bizim hərbi hazırlıq bazalarımız Ermənistanda deyil, Azərbaycanda yerləşib. Bu gün Azərbaycanda mənim sözlərimi təsdiqləyəcək minlərlə insan yaşayır”, - deyə ayətullah Seyid Həsən Amili bəyan edib.
P.S. Cənab Amuli bunu da qeyd edib ki, Azərbaycan hökuməti ABŞ, Qərb və İsrailin təzyiqləri altında İranın yardımlarından imtina edib, hətta Qarabağda döyüşən iranlılara həbsxanalarda işgəncə verilib. (HaqqYolu)

В этом разделе