Ermənilərin “Qarabağda hava limanı nağılı” bitir

Separatçı rejim Xankəndidəki qanunsuz hava limanının nə vaxt açılacağını hələ bilmir

Dağlıq Qarabağ separatçı rejiminin liderlərindən biri, özünü “baş nazir” adlandıran Ara Arutunyan “Hayastan” fondunun nümayəndələri ilə görüşdə Xankəndidə qanunsuz inşa edilən hava limanının hələ açılmamasına aydınlıq gətirib. Onun sözlərinə görə, separatçılar indiyədək hava limanının açılışı ilə bağlı bir neçə dəfə tarix açıqlayıblar. “İlkin mərhələdə müiəxəssislər dedilər ki, guya, uçuş-eniş zolağındakı asfalt standartlara cavab verir. Lakin sonradan araşdırıldı və məlum oldu ki, zolağın eni yetərli deyil və genişləndirilməlidir”.

Ara Arutunyan hava ilmanının nə vaxt açılacağı ilə bağlı müddət açıqlamaq istəməyib və deyib ki, hələ görüləsi çox iş var: “Yəqin ki, 2-3 ay ərzində uçuş-eniş zolağı asfaltlanacaq. Başqa işlər də var. Ona görə də biz müddət haqqında danışmaq istəmirik. Qoy, açılış daha altı ay ləngisin. Amma bütün təhlükəsizlik şəraiti təmin olunmalıdır”.

Qeyd edək ki, ermənilər Xankəndidəki hava limanının mayın 9-da açılacağını bəyan etmişdilər. Hətta, Ermənistan prezidenti Serj Sarkisyan bir qədər də irəli getmiş və Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə uçacaq təyyarənin ilk sərnişini olacağını bildirmişdi. Amma nə hava limanı açıldı, nə də Serj Sarkisyan təyyarəyə minmək arzusuna çatdı.

Görünən budur ki, rəsmi İrəvan nəzarətindəki ərazilərdə hava limanı açmaqdan ehtiyatlanır. Əvvəla, Azərbaycan tərəfi məsələyə vaxtında reaksiya verdi, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıldı, müvafiq yazışmalar aparıldı. Məlum oldu ki, beynəlxalq təşkilatlar Azərbaycanın işğal altındakı ərazilərində hava limanının açılması ideyasına qarşısıdır. Daha dəqiqi, rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazisində hava limanı açıla bilməz. Bu baxımdan, separatçılar müxtəlif bəhanələr səsləndirsələr də, Ermənistan üçün mühüm əhəmiyyət kəsb edən ideyanın reallaşmamasının əsl səbəbini məhz siyasi müstvidə axtarmaq lazımdır. Ara Arutunyanın yeni müddət açıqlaya bilməməsi də məhz bununla bağlıdır. /ANS/

В этом разделе