Müdafiə naziri Seyran Ohanyan cəbhə xəttində əlavə postların qoyulduğunu açıqladı; Qarabağda çağırışçı əsgərlərin yerini müqavilə əsasında xidmət keçən hərbçilər tutub
Ermənistan ordusu Azərbaycanla cəbhə xəttinin Qərb istiqamətində mövqelərini qabağa çəkib. Bu barədə müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin İrəvanda keçirilmiş iclasında məlumat verib. O deyib ki, cəbhə xəttində yaranmış vəziyyət Azərbaycanla həmsərhəd Tavuş vilayətində Ermənistan ordusunun postlarını irəli çəkməyə məcbur edib.
“Regnum” agentliyinin xəbərinə görə, Ohanyan məlumat verib ki, sərhədyanı bölgələrin yerli hakimiyyət orqanları ilə birlikdə sərhəd infrastrukturlarında xidmət keçən hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər görülüb, həmçinin sərhəd xəttində bəzi korrektələr edilib. “Torpaqların əkilib-becərilmədiyi sahələrdə biz mövqelərimizi qabağa çəkə bildik. Dağlıq və meşəlik ərazilər postlar arasındakı sahələrin tam bağlanmasında çətinlik yaradır, lakin bu istiqamətdə də bəzi tədbirlər görülüb” deyə, Ohanyan bildirib. Ermənistan müdafiə naziri deyib ki, son vaxtlar Azərbaycan tərəfdən iki dəfə diversiya qruplarının Koti kəndi istiqamətində hərəkətinin qarşısı alınıb, buna cavab olaraq erməni tərəfi tədbirlər görüb. Ohanyan Azərbaycanın hərbi əməliyyatlara başlayacağı halda sərhədboyu yaşayış məntəqələrinin atəş altında qala biləcəyini nəzərə alaraq əhalinin mülki müdafiə hazırlıqlarına da diqqətin artırıldığını açıqlayıb.
Xatırladaq ki, ötən həftə Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirib və orada Azərbaycanla sərhədlərin möhkəmləndirilməsinə dair tədbirlər planı müzakirə olunub. Ermənistan ordusunun Azərbaycanın Gədəbəy, Qazax və Tovuz rayonu ilə həmsərhəd bölgələrdəki mövqelərində hərəkətlilik hələ bu ilin yayından başlayıb. Müşahidələrə əsasən həmin istiqamətlərdə erməni ordusu sərhəddə yeni postlar yerləşdirib, digər postları isə qabağa çəkib. Azərbaycan Müdafiə Nazirliyi də buna cavab olaraq həmin istiqamətlərdə müvafiq tədbirlər həyata keçirir. Bu günlərdə cəbhə xəttinin həmin istiqamətində erməni diversiya qrupunun qarşısı alınıb, sərhədboyu kəndlərdən birində məktəbi partlatmağa hazırlıq görən qrupun üzvü tutulub.
Ermənistan ordusunun Qarabağda da mövqelərini möhkəmləndirdiyi barədə xəbərlər var. Erməni mənbələrindən yayılan məlumatlara əsasən, toqquşmaların tez-tez baş verdiyi bölgələrdə ön xətdəki çağırışçı əsgərlər geri çəkilib və onların yerini müqavilə əsasında xidmət keçən erməni hərbçiləri tutub. Azərbaycanın işğal edilmiş torpaqları qaytarmaq üçün hərbi əməliyyatlara başlaya biləcəyindən narahat olan ermənilər mövqelərini bütün cəbhə boyu möhkəmləndirirlər. /Yeni Musavat/