Ermənilər döyüş meydanından qaçacaqlar- İlham Əliyev

Bu mövqedən bir addım geri atmayacağıq”

Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Prezident hərbçiləri və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan prezidenti deyib: "Bizim qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Bildiyiniz kimi, Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir, çalışır. Ancaq əfsuslar olsun ki, məsələ öz həllini tapmır. Bayaq qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizlik əfsuslar olsun ki, bu günə qədər də gündəlikdən çıxmır. Mən tam əminəm və bu barədə dəfələrlə fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm, əgər ölkəmizin həlledici anlarında, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq 1987-ci ildə sovet rəhbərliyi tərəfindən Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra iki həftə keçməmiş erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında iddialar irəli sürməyə başlamışlar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlamışdır. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarmışdır. Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər işğal edildi".

İlham Əliyev həmçinin bildirib ki, artıq Ermənistanın Azərbaycan qarşısında şansı yoxdur: "Heç kimə sirr deyildir ki, Azərbaycana dünya birliyi tərəfindən diqqət çox yüksək səviyyədədir. Mən heç şübhə etmirəm ki, əgər müharibənin fəal fazası başlanarsa necə ki, Ermənistan siyasi meydandan qaçıb, döyüş meydanından da qaçacaqdır. Bizim bütün imkanlarımız vardır ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində son hadisələr onu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcəkdir".

В этом разделе