Elnur Məmmədov Tərtər istiqamətində şəhid olub
Bayram günlərində Azərbayacan Ordusunu daha bir əsgərini itirib.  Cəbhənin Tərtər istiqamətində Elnur Mübariz oğlu Məmmədov şəhid olub.  Füzuli rayonundan məcburi köçkün olan 1991-ci il təvəllüdlü Elnur  2010-ci ilin yanvar ayında hərbi xidmətə çağrılıb. O da snayperlə  vurulub.
 
 Elnur Məmmədovun erməni silahlıları tərəfindən vurulması faktını Müdafiə  Nazirliyinin nisbətən gec təsdiqləməsi şəhid ailəsinin narahatlığına  səbəb olub- "ANS PRESS" xəbər verir.
 
 Şəhidin anası Bahar Əliyevanın sözlərinə görə, 20 yaşlı oğlu Elnurun  ömrünün bahar çağında dünyasını dəyişməsindən çox, onun ölümünün  səbəblərinə aydınlıq gətirilməməsindən narahatdır. Ana iddia edir ki,  oğlu səngərdə, döyüş zamanı düşmən snayperinin gülləsinə tuş gəlib.
 
 E.Məmmədovun yaxın qohumu Beyrək Məmmədov Vətən uğrunda ölən əsgəri 200  manat verib dəfn etdiklərini bildirib. “Nə hərbi komissarlıqdan, nə də  icra hakimiyyətindən gəliblər. Güllə iki qaşının ortasından dəyib  beyinin arxasından çıxıb. Müdafiə Nazirliyi deyir olmayıb. Necə olmayıb?  21 mart saat 19-20 radələrində baş verib. Hərbi komissarlıq da qəbul  edir”.
 
 Elnurun yaxınları iddia edir ki, Tərtər rayonundakı hərbi hissə baş  verən hadisəni təsdiqləyib. Onların dediyinə görə, hərbi hissədən ailəyə  atəşkəsin pozulması nəticəsində 1 nəfər əsgərin şəhid olduğu  bildirilib. Müdafiə Nazirliyi isə məlumatı təsdiqləmir. Martın 22-də isə  Elnurun meyiti və ölum kağızı ailəsinə verilib.
 
 Elnurun ölüm kağızında onun başını dəlib keçən güllə yarası, beyin  qapağının dağılması, kəllə  qapağının çoxqəlpəli sınığı nəticəsində  dünyasını dəyişdiyi göstərilir. Ailə üzvlərinin bildirdiyinə görə, hərbi  xidmətdə olduğu müddətdə oğullarının əsgər yoldaşlarından və ya hərbi  hissədəki komandirlərindən heç bir narazılığı olmayıb və heç şübhəsiz  ki, Elnura dəyən güllə düşmən snayperindən çıxıb. Məhz buna görə də  onlar Elnur Məmmədovun şəhid kimi tanınmasını tələb edirlər. 
 
 Şəhidimizin ailəsinin narahatlıqlarına aydınlıq gətirmək üçün ANS olaraq  Müdafiə Nazirliyi ilə əlaqə saxladıq və nazirlik martın 21-də Tərtər  rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 20 yaşlı Məmmədov  Elnur Mübariz oğlunun şəhid olması faktını təsdiqlədi.
 
 Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi  pozması nəticəsində bayram günlərində Azərbaycan Ordusunun daha bir  hərbçisi şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat  xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
 1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı  Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş  nəticəsində həlak olub.
 
 Allah şəhidlərə rəhmət eləsin!














