"MTN öz işini görür, bunun İran dövlətinə heç bir aidiyyəti yoxdur"
Azərbaycan və İran qonşu, müştərək tarixi, mədəniyyəti bölüşən dövlətlərdir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunmasına münasibət bildirərkən deyib.
"Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin açıqladığı məsələlər qətiyyən İran dövlətinə qarşı yönəlmiş aksiya deyil. Sadəcə olaraq hər bir ölkənin əsas vəzifəsi öz təhlükəsizliyini qorumaqdır, öz ərazisində ayrı-ayrı neqativ hallara yol verməməkdir. MTN öz işini görür, bunun İran dövlətinə heç bir aidiyyəti yoxdur", - Həsənov bildirib.
Onun sözlərinə görə, İrandakı hər hansı qurumun adının çəkilməsi normal haldır.
"Bu, iki dövlət arasında münasibətlərə təsir göstərməyəcək, əksinə, belə halların qarşısı gələcəkdə də alınacaqsa, bizim münasibətlərimiz daha yaxşı olacaq", - PA-nın şöbə müdiri vurğulayıb.
O qeyd edib ki, İranla Azərbaycan qonşu, müştərək tarixi, mədəniyyəti bölüşən dövlətlərdir. "İranda bizim 10 milyonlarla soydaşımız yaşayır. Bu dövlətlə bizim problemimizin olmasını istəmirik və çalışırıq ki, münasibətlərimiz davamlı şəkildə yaxşı olsun, bir-birimizin daxili işlərinə qarışmayaq, bir-birimizin ərazisindən digər dövlətlərə qarşı, həmçinin bir-birimizə qarşı istifadə edilməsinə yol verməyək", - Həsənov deyib.
PA rəsmisi eyni zamanda qeyd edib ki, İranda da, Azərbaycanda da müxtəlif dairələr, cəmiyyətin müxtəlif nümayəndələri bəzən iki ölkənin münasibətlərinə təsir göstərən addımlar atırlar. O, bəzi jurnalistlərin yazılarını misal kimi göstərib.
Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunurlar.