Əli ayağı ziyarətgahı sökülür

Pirin yerində isə əyləncə mərkəzi tikmək planlaşdırılır

Bakının Türkan qəsəbəsi sakinlərinin səbir kasası dolub. Nardaran kəndindən başlayan etiraz dalğası Türkan qəsəbəsinə sıçrayıb. Kənd camaatı artıq martın 18-nə mitinq təyin edib. Yüzlərlə türkanlı kəndin “Əli ayağı” adlanan pirinin meydanına yığışaraq etiraz aksiyası keçirəcək. Məqsəd yüksək çinli məmurların əsrlərlə tarixi olan piri yerlə-yeksan edib yerində əyləncə mərkəzi inşa etdirmək istəyinə qarşı çıxmaqdır. Buna etiraz əlamət olaraq kəndlilər martın 18-də qəsəbədə yolu bağlayacaqlarını, pirin başqa əraziyə köçürülməsinə razılıq verməyəcəklərini bəyan ediblər.

Dünən kənd sakini Vüqar Əmirov bu barədə redaksiyamıza xəbər verən kimi adıçəkilən qəsəbəyə yollandıq. “Əli ayağı” pirinin həyətinə toplaşmış sakinlər bizimlə söhbətdə bildirdilər ki, iri oliqarxların Türkanda hektarlarla əraziləri zəbt etməsi azmış kimi, indi də əhalinin inancına toxunurlar. Hazırda pirin həyətindən dənizə açılan yol hasarlanıb, qapını isə söküb yerinə divar hörüblər. Üstəlik, şüşələr qəsdən sındırılıb, ziyarətgah baxımsız qalıb. Daha doğrusu, kənd sakinləri öz vəsaiti hesabına dəfələrlə pirdə təmir işləri görüb, ziyarətgaha nəzarət ediblər. İndisə ziyarətgahın içində ayaq ləpirlərinin üstünə sement tökülüb. Sakinlərə bildirilib ki, pirin ərazisi satılıb və burada əyləncə mərkəzi, restoranlar tikiləcək. Çünki pirə yaxın ərazi də alınıb və yayda çimərliyə gələnlər üçün iaşə obyektləri salınacaq. Bunun davamı kimi pirin də ərazisi plyaj olacaq.

Sakinlər bildirdilər ki, pir yaxınlıqdakı əraziyə köçürüləcək. Ərazidə olarkən artıq təzə pir üçün tikinti işlərinin intensiv şəkildə getdiyinin şahidi olduq. Kənd Ağsaqqalları Şurası isə bununla razılaşmır və günahı məmur özbaşınalığında görür.
Kənd sakini Vüqar Əmirov “Axırıncı aşırım” filmindən sitat gətirərək dedi ki, bu, kənd camaatına qarşı həm də təhqirdir: “Qardaşımın evini Məhərrəm Əliyevin yaxınları qanunsuz tikili adı ilə sökdülər - dinmədik. Kənddə bütün torpaqları qarış-qarış satdılar - yenə susduq. İnsanların ziyarət etdiyi, nəzir-niyaz verdiyi bir pir qalmışdı, indi də onu sökürlər. Buna nə ad vermək olar? Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Cavab verildi ki, pirin ərazisi satıla bilməz, bu, mümkün deyil. Ancaq gəlib baxan yoxdur ki, buranı necə xarabalığa çevirmək istəyən məmurlar var. Həmin korrupsioner məmurlar bilsin ki, pirin sökülməsinə imkan verməyəcəyik. Millət vəkili Mehriban Əliyevadan kömək istəyirik”.

Kənd əhli bələdiyyəsi sədrindən də şikayətləndi. Onun üzünü ildə bir dəfə görən sakinlər dedilər ki, müavini Hacı Sabir də pirin satılması məsələsində yaxasını kənara çəkib. Elə kənd bələdiyyəsinin fəaliyyətinin bariz nümunəsi idi ki, bələdiyyə binasının beş addımlığında zibil tullantıları göz deşirdi. Ümumiyyətlə, kənddə nəinki bələdiyyə sədrinin, hətta onun yaxınlarının villalarını gördük. Kəndin həll olunası ən vacib problemi də nəqliyyatdır. Sakinlər dedilər ki, 11 min sakini olan Türkana şəhər istiqamətində bir marşrut üzrə avtobuslar işləyir. 101 saylı avtobus metronun “Ulduz” stansiyasından Türkana gəlir. Axşam saat 6-dan sonra kəndə bir avtobus da tapmaq olmur. Camaat dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət edib. Ancaq nəticəsi olmayıb. Kəndlilər tələb edir ki, Türkandan Hövsan və Mərdəkana marşrut xətləri açılsın. /Yeni Musavat/

В этом разделе