Əfqanıstanda təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin cəsədləri Azərbaycana gətirildi

Əfqanıstanda qəzaya uğramış, “Silk Way” aviaşirkətinə məxsus “İL-76” təyyarəsində həlak olanların cəsədləri Bakıya gətirilib.

Bu barədə APA-ya “Silk Way” aviaşirkətinin direktorunun müşaviri, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov məlumat verib.

Onun sözlərinə görə, hazırda cəsədlərin qalıqları ekspertiza üçün aidiyyəti səhiyyə qurumlarına verilib. Ekspertizanın nəticəsindən asılı olaraq, cəsədləri tapılanların kimliyi müəyyənləşdiriləcək, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan ekipaj üzvləri isə itkin düşmüş sayılacaqlar. A. Qasımov tibbi ekspertizanın nəticələrinin nə vaxt məlum olacağı ilə bağlı heç nə deməyib.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

В этом разделе