Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasından bir il ötür
“APA-ECONOMICS”in xəbərinə görə, 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı ilkin açıqlamada hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunub. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşı olub. Həmin şəxslər aşağıdakılardır:
1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979)
3. Şturman İqor Çjen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)
Təyyarə “Taliban” qüvvələrinin nəzarət etdiyi əraziyə düşüb. Hadisə yerinə yaxınlaşmaq istəyən Azərbaycan, Əfqanıstan və NATO nümayəndələri bir neçə dəfə atəşə tutulub. Azərbaycan tərəfi reallığı nəzərə alaraq Əfqanıstanın rəsmi qurumları ilə yanaşı, “Taliban” qüvvələri ilə də danışıqlar aparıb və nəticədə ekipaj üzvlərindən dördünün cəsədi tapılıb, digər 5 nəfər itkin düşmüş hesab olunur. Cəsədləri tapılanlar Azərbaycan vətəndaşları Tapdıq Qəhrəmanov, Mehman Hüseynov, Oleq Marşixin, biri isə Özbəkistan vətəndaşı Vladimir Şatobindir.