Dindarların şeyxlə görüşü baş tutmadı

Yüzlərlə dindar günorta namazını qıldıqdan sonra Hacı A.Paşazadə ilə görüşmək üçün QMİ-yə müraciət etsələr də, bu görüş reallaşmayıb

Dünən 700-dən çox inanclı insan orta məktəblərdə təhsil almaq hüququndan məhrum edilmiş hicablı şagirdlərin problemi üzrə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşmək üçün “Təzə Pir” məscidinə gediblər. Deyerler.org-un məlumatına görə, paytaxtdan və müxtəlif bölgələrdən olan dindarlar təxminən saat 12:00-dan etibarən məscidə toplaşıblar. Aralarında nüfuzlu ilahiyyatçıların da olduğu yüzlərlə dindar, günorta namazını qıldıqdan sonra Hacı A.Paşazadə ilə görüşmək üçün QMİ-yə müraciət etsələr də, bu görüş reallaşmayıb.

Masallı rayonu ruhanilərindən Hacı Sərdar Hacıhəsənli jurnalistlərə verdiyi açıqlamada deyib ki, onların məqsədi şeyxlə görüşüb, dindar kəsimin narahatçılığı ona çatdırmaq olub: “Hicaba qadağalarla əlaqədar ölkənin dindar ictimaiyyəti çox geniş surətdə bu məsələ ilə bağlı narahatlığını bildirib. Əlbəttə, narahat olmaya da bilməzlər. Çünki hicab - dinin əmrlərindən biridir. Gördüyünüz kimi, bura yığışan dindarlar dinc yolla öz səslərini Azərbaycan xalqına, onun rəhbərliyinə və dünya müsəlmanlarına eşitdirmək istəyirlər. Təəssüflər ki, bəzi KİV-də dindarların bu haqlı tələbinə başqa don geyindirmək istəyirlər. Bu məsələlərin xaricdən idarə olunduğunu deyirlər. Bunu Azərbaycan dindarı özünə təhqir hesab edir. Azərbaycan dindarları özləri düşünmə səviyyəsinə malikdirlər. Öz hüquqlarının bərpası üçün ayağa qalxıblar. Ruhanilər də dinc yollarla öz haqq səslərini ölkə rəhbərliyinə çatdırmaq istəyir ki, hökumət bu problemi həll etsin”.
QMİ-nin rəsmisi isə aksiya iştirakçılarının qarşısına çıxaraq bildirib ki, şeyxin vaxtı məhdud olduğundan onlarla görüşə bilməyəcək. Bundan sonra dindarlar aksiyanın bəyannaməsini oxuyaraq tədbiri yekunlaşdırıblar. Aksiyanın başlamasından xeyli əvvəl polis qüvvələri məscidin ətrafını mühasirəyə alsa da, heç bir insident olmayıb./Yeni Musavat/

В этом разделе