“Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb”
Daxili İşlər Nazirliy bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında  aksiya keçirmək cəhdi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, bu gün  saat 11 radələrində təxminən 150 nəfər yaxın radikal yönümlü dindar  Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd  göstərib.
 
 İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə  polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu  tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət  əməlləri törədiblər.
 
 Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının  məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri  nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində  pozulub, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir  neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub.
 
 Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin  qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə  məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının  qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət  göstərib, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti  yetirilib, onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli  tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı  alınıb.
 
 Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin  221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai  qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət  göstərmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması  Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub.  İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu  yaradılıb.
 
 Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi  müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən  edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək.














