Daxili İşlər Nazirliyi ilahiyyatçı Tale Bağırovla bağlı növbəti məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən SalamNews-a daxil olan məlumatda deyilir ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, Xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.
Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılmış, birinci mərtəbənin şüşələri sındırılmış və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılmışdır. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılmış, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər. Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb. Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, martın 31-də Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı Şəhər sakinləri Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülmüşdür. Faktla bağlı cinayət işi başlanmış və hər iki şəxs həbs olunublar.