Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. APA-nın məlumatına görə, 1918-ci ildə ermənilər Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda və Naxçıvanda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, ermənilər Bakıda da kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 28-də ermənilərin başladığı soyqırımı aktı üç gün davam edib. Bu üç gün ərzində təkcə Bakıda otuz mindən çox dinc əhali ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. 

Daşnaklar həmin vaxt Bakıda azərbaycanlı əhalinin 400 milyon manatlıq daş-qaş və əmlakına sahib çıxıb, bir çox ziyarətgahları və tarixi abidələri dağıdıb, yerlə-yeksan ediblər. Təzəpir məscidinə topla atəş açan ermənilər dünya memarlığının incilərindən sayılan «İsmailiyyə» binasını da yandırıblar. 

Ermənilər 1918-ci ilin martında Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər. Şamaxının müsəlmanlar yaşayan hissəsini tamamilə yandıran daşnaklar 13 məhəllə məscidini və məşhur Cümə məscidini yandırıblar. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat təşkil edib.

Ermənilər Stepan Şaumyanın rəhbərlik etdikləri bolşeviklərin köməyi ilə 1918-ci ilin ilk 5 ayı ərzində Qubada üst-üstə 16 mindən çox insanı məhv ediblər. Qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülüb. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar, bunlardan 35-i hazırda da mövcud deyil.

Bir müddət əvvəl ermənilərin Qubada törətdiyi soyqırımı qurbanlarının kütləvi məzarlığı aşkar olunub.

1918-ci ilin yazından başlayaraq, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələrinin soyqırımına məruz qalıblar. Ermənilərin təkcə aprelin sonunda bu ərazidə 199 müsəlman kəndini dağıdıblar.

1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər soyqırımı kimi qiymətləndirilir.

Heydər Əliyevin 27 mart 1998-ci ildə imzaladığı «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilir.


В этом разделе