Seçicilər saat 08.00-dan 19.00-adək 5314 seçki məntəqəsində səs verəcək
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək. Səsvermə saat 08.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaq. Seçicilərin aktivliyi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək. İlkin nəticələrin isə gecə saatlarında açıqlanacağı və MSK-nın rəsmi saytında yerləşdiriləcəyi gözlənilir.
Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici var. Milli Məclisə seçkilər 125 dairədə və 5314 seçki məntəqəsində keçiriləcək. 690 namizədin adı seçki bülletenlərinə daxil edilib. Ən çox namizəd olan dairədə deputatlıq uğrunda 14, ən az namizəd olan dairədə 4 nəfər d mübarizə aparır. Yeni Azərbaycan Partiyasından 107, müxalifət partiyalarının isə 140 nəfərin namizədliyini verilib”.
Seçkiləri izləmək üçün ümumilikdə 46 639 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 3466 nəfəri bütün respublika üzrə müşahidə aparmaq səlahiyyətinə malikdir. Dairələr üzrə isə 43 173 müşahidəçi qeydə alınıb.
Beynəlxalq müşahidəçilərə gəlincə, 21 beynəlxalq qurumdan 1029 nəfər MSK-da qeydiyyatdan keçib. Onların arasında Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa İttifaqının Bakı nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və “Vestnik Kafkaza” analitik informasiya agentliyinin nümayəndələri var. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirlər.