Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi bir il keçir
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  1990-cı il 20 Yanvar hadisələrindən iyirmi bir il keçir. Keçmiş sovet  dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata  keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır  cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.  Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış  dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə  günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet  rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya  bir daha nümayiş etdirdi.
Milli.Az xəbər portalı "karabakh.doc"a  istinadən bildirir ki, Sovet Ordusunun böyük kontingentinin, xüsusi  təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi  qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist  diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata  keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq  respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.  Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı.  Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq  üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu  hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə  alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən  ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Bakıya  yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min  nəfərə çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm  psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi  ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün  gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər  Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi)  ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu  ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq  Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot  atəşinə tutacaqlar.
Mixail Qorbaçov başda olmaqla sovet  imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə  istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini  qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla  ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu  açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri”  hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək  silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin  vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe  olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə  qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün  bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ  Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci  maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə  vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın  “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının  enerji blokunu partlatdı, respublikada televiziya verilişləri  dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən  xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı.  Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9  nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında  məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika  radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə  çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli  emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət  elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar  Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet  imperiyası rəhbərliyinin rəzil siması bu idi...
Tanklar və  BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər  yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta  avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş  gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və  tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər  öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
“Şit” təşkilatı ekspertlərinin hesabatından:
adamları  xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn,  Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə  vurulmuşdur;
xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. 
Həlak  olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar,  şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi  ekstremistlər” adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq  bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma  görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti  22 yanvar tarixli nömrəsində nə yazırdı:
“Fövqəladə vəziyyət  elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və  uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter  daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan  məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı  qaldırmaqdır”...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki  faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş  siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı,  sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq  olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min  kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə  başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan  ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı  ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının  iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin  müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq  səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan  dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə  başları  hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar  qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən  edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə  Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin  günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən  yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and  yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və  Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn  edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan  Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan  oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı  ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi  ürəklərdə əbədi yaşayacaq.














