Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək
ANS PRESS-in BMT-nin internet saytına istinadən verdiyi məlumata görə,  Şərqi Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və  Sloveniya iddia edir.
Azərbaycan heç vaxt BMT-nin ali  orqanlarından olan Təhlükəsizlik Şurasının üzvü olmayıb. Macarıstan iki  dəfə (1968-1969 və 1992-1993) Sloveniya isə bir dəfə (1998-1999) BMT  Təhükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Afrika və  Asiya-Sakit okedan ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan,  Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş  təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi  tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan  Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə  aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo  yarışacaq. Onların hamısı vaxtilə Təhlükəsizlik Şurasının qeyri-daimi  üzvü olublar.
Dekabrın 31-dən Bosniya və Hersoqovina, Braziliya, Qabon, Livan və Nigeriyanın Təhlükəsizlik Şurasındakı yerləri boşalacaq.
BMT  Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya,Çin, Fransa,  Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə  Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə əvəzlənir.
Xatırladaq  ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib.  Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı  təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.














