"Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Bakıda keçirilən müxtəlif tədbirlər bunun əyani göstəricisidir"
SalamNews-un məlumatına görə, bu sözləri Prezident İlham Əliyev "Twitter" sosial şəbəkəsində yazıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın milli dəyərləri islam dəyərləri əsasında formalaşıb: "Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, ənənəmizdir. Biz Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir".
Daha sonra prezident yazıb: "Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Biz xarici siyasətimizi artıq daha da genişləndirəcəyik, iqtisadi terminlə ifadə etsək şaxələndirəcəyik. Meksika, Kolumbiya və Pakistan bizim qardaş ölkələrimizdir. Xocalı faciəsinin soyqırımı kimi tanıyan üç ölkədən ikisi Latın Amerikası ölkəsidir. Latın Amerikası ilə bizim indi çox gözəl münasibətlərimiz formalaşır. Hazırda biz yeni qitələri siyasi, diplomatik cəhətdən özümüz üçün kəşf edirik".