Sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayraq sentyabrın 3-də götürülüb.
Ərazidə işləyən fəhlələrin və mühafizəçilərin AzadlıqRadiosuna dediklərinə görə, bayraq səhər saat 8-9 arasında çıxarılıb. Səbəbi havanın küləkli olması ilə izah edənlər də oldu, nəyə görə götürüldüyünü bilmədiklərini deyənlər də.
Özlərini təqdim etməyən mühafizəçilər dedilər ki, nə müdiriyyət, nə də başqa adamlar bayrağın çıxarılma səbəbini deyə bilməyəcəklər. Suala ancaq Prezident Administrasiyasından cavab verə bilərlər.
Ətrafda yaşayan sakinlər də dedilər ki, bu səhər bayrağı yerində görməyəndə xeyli təəccübləniblər. Sakinlərindən bəziləri bayrağın havanın küləkli olmasına görə, bəziləri isə cırıldığına görə götürüldüyünü bildirdilər.
Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Ərazidə tikinti işləri davam edir. Rəsmi məlumatda adı çəkilən Bayraq Muzeyi də hələ fəaliyyət göstərmir.
Dövlət Bayrağı Meydanının təntənəli açılışı sentyabrın 1-də olub. Açılışda prezident İlham Əliyev iştirak edib.
Təməli 2007-ci il dekabrın 30-da qoyulmuş meydanın layihəsini ABŞ-ın «Trident Support» şirkəti hazırlayıb, tikintini Azərbaycanın «Azenko» şirkəti aparıb.
İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.
Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək.
Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı.
Avqustun 3-də isə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyat fondundan meydandakı tikinti işlərinin başa çatdırılması üçün əlavə 10 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb.
Azadlıq Radiosu