Bu ilin sentyabr ayının 7-8-də Bakıda Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumu keçiriləcək.
313news-un APA-ya istinadlı məlumatına görə, tədbirin əsas təşkilatçıları rolunda Avropa Menecmenti Akademiyası (Almaniya) və «EVRA International, Inc.» şirkəti (ABŞ) çıxış edir. Bu yaxınlarda artıq Avropa Komissiyası da forum təşkilatçılarına tədbiri dəstəklədiyi haqqında rəsmi məktub göndərib.
«Avropa Komissiyası Azərbaycanda təşkil olunacaq Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumunun keçirilməsini dəstəkləyir. Forum bu region üçün olduqca aktual və əhəmiyyətlidir», - deyə Avropa Komissiyasının məktubunda bildirilir.
Avropa Komissiyasının ekspertləri hesab edirlər ki, son vaxtlar mühitdə müşahidə olunan dəyişikliklər dövlət qurumları, biznes strukturları və elmi təşkilatlar arasında əməkdaşlığın dərinləşməsini və vahid əməkdaşlıq strategiyasının işlənməsini olduqca vacib bir məsələyə çevirib. Hər bir qurum və təşkilatın problemin həlli ilə bağlı öz yanaşması və təklifləri mövcuddur. Bu baxımdan, Bakıda keçiriləcək regional forum müxtəlif sahələrdə çalışan insanları bir araya gətirərək birgə tədbirlərin və qərarların qəbul edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.