Azərbaycanlı ateist İsveçə qaçdı

Azərbaycanda İslam dini əleyhinə qalmaqallı çıxışların müəllifi, Xəzər Universitetinin müəllimi Ağalar Məmmədov İsveçə mühacirət edib

Bu barədə "Yeni Müsavat" qəzetinə daxil olan məlumatda bildirilir ki, A.Məmmədov bir qədər əvvəl ölkəni tərk edib. Onun İsveçdən sığınacaq aldığı bildirilir.

Qeyd edək ki, günün sonu və şənbə günü olduğundan məlumatı Xəzər Universitetindən dəqiqləşdirə bilmədik. Ancaq qalmaqallı filosofun bu ilin əvvəlində ölkəni tərk etmək üçün sənədlər toplaması haqda məlumatlar bizdə vardı. Həmin vaxt A.Məmmədovun Milli Elmlər Akademiyasında çalışan ailə üzvlərinin müvafiq sənədlər hazırlandığı bildirilirdi. Ancaq universitet müəlliminin ölkəni tərk etmədiyi üçün xəbəri yazmamışdıq.

Xatırladaq ki, Ağalar Məmmədov bu il yanvarın əvvəlində Azərbaycanda İslam əleyhinə bəyanatın müəlliflərindən biri idi. A.Məmmədov daha çox din əleyhinə tənqidləri ilə tanınıb. Ancaq maraqlıdır ki, filosof özü bu günə qədər ona qarşı hər hansı təzyiqin və ya təhdidin olduğunu bildirməyib. Eyni zamanda A.Məmmədovun özünün etirafına görə, siyasi aktivliyi olmayıb, hakimiyyətlə hər hanı problemi yaşamayıb. Yalnız yanvar ayında Ağalar Məmmədov anti-İslam kampaniyasında aktiv rol alıb, təxminən bir ay ərzində müxtəlif nəşrlərdə din əleyhinə, dindar müsəlmanları aşağılayan müsahibələr verib, yazılar yazıb. Belə görünür, din əleyhinə çıxışlar etmək onun İsveçə mühacirəti üçün lazım olub.

В этом разделе