Tehran əvvəlcə müqavilənin kommersiya baxımından sərfəli olmadığını deyirdi, ancaq indi sanksiyalar buna imkan vermir
İranla Azərbaycan arasında Xəzər üzərindən neft mübadiləsi dayanıb. Londondakı mənbələrdən məlum olub ki, təxminən üç ay əvvəl İranın Neft Sənayesi Nazirliyi üç Xəzəryanı ölkə ilə neft mübadiləsi layihəsinin müddətinin uzadılmayacağını elan edib. İran Azərbaycan, Türkmənistan və Qazaxıstandan aldığı nefti ölkənin şimalındakı neftayırma zavodlarında emal edirdi. Əvəzində isə Fars körfəzində bu ölkələrdən alınan neftdə adekvat həə neft çıxarılaraq satılır və pulu ödənirdi.
Azərbaycan bu marşrutla neft nəqlinə 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı bu ölkədən keçən kəmərlərin işinin dayanmasından sonra başlamışdı. İranla üç Xəzəryanı ölkə arasında neft mübadiləsini Almaniyanın “Select Energy Trading GmbH”, Birləşmiş Ərəb Əmirliklərinin “Dragon Oil”, İsveçrənin “Vitol” və İrlandiyada qeydiyyatdan keçmiş “Caspian Oil” şirkətləri həyata keçirirdi. Mənbə bildirir ki, bu mübadiləyə görə İran hər barrel neft üçün 1 dollar haqq alıb. Bildirilir ki, İranın Neft Sənayesi Nazirliyinin qərarı təəccüblü görünür. Çünki az əvvəl prezident Mahmud Əhmədinejad Xəzər ölkələri ilə neft mübadiləsinin gündə 70-100 min barreldən 320 min barrelə qədər arta biləcəyini demişdi.
İran rəsmiləri qərarı əsaslandıraraq deyiblər ki, müqavilələr kommersiya baxımından sərfəli olmadığı üçün uzadılmayıb. İran parlamentinin energetika komitəsinin üzvü Seyid Əbdülməcid Şocə deyib ki, 1997-ci ildən 2006-cı ilə qədər İran Türkmənistan və Qazaxıstanla bu cür neft sövdələşməsindən cəmi 147 milyon dollar gəlir götürə bilib. İranın neft sənayesi naziri Məsud Mir-Kazımi də neft müqavilələrinin gəlirli olmadığı üçün dayandırıldığını deyib. O bildirib ki, əgər hər barrel üçün 5 dollar ödənilsə neft mübadiləsi yenidən başlaya bilər. Məlumata görə İranla neft mübadiləsinin dayanmasından sonra “Dragon Oil” şirkəti Türkmənistan neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəqlinə başlayıb. Digər tərəfdən əgər İran müqavilələri yenidən bərpa etmək istəsə belə BMT Təhlükəsizlik Şurası və ABŞ tərəfindən tətbiq edilən sanksiyalar buna imkan verməyəcək.
Xatırladaq ki, ABŞ hökuməti bu günlərdə İranın aparıcı neft şirkətlərindən biri, İsveçrədə qeydiyyatdan keçmiş NİCO-ya (Naftiran Intertrade Company) qarşı sanksiyaların tətbiq olunduğunu elan edib. NİCO şirkəti Azərbaycanla ortaq neft-qaz biznesinə malikdir, bu şirkət həmçinin “Şahdəniz” qaz yatağının işlənməsi üzrə beynəlxalq konsorsiumun ortağıdır. Şirkət konsorsiumda 10 faizlik paya malikdir. İranla Azərbaycan arasında neft mübadiləsində bu şirkət də iştirak edirdi. Enerji məsələləri üzrə ekspertlər qeyd edirlər ki, sanksiyalar və üstəlik İranın Xəzər ölkələri ilə neft mübadiləsini dayandırması Tehranın regiondakı mövqelərini zəiflədəcək./Yeni Musavat/