Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında protokol imzalanıb

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul  edib

XİN mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Görüş zamanı “Azərbaycan hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı, 2005-ci il martın 9-da imzalanmış bu saziş müvafiq müddəalarına uyğun olaraq Ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari ilin 20 may tarixindən qüvvəyə minəcək.

Tərəflər Sazişin investisiya layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını qeyd ediblər. Danışıqlarda eyni zamanda, qeyd olunan sənədin qüvvəyə minməsinin Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud olan müqavilə-hüquq bazasını daha da genişləndirdiyi və bunun iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi olduğu vurğulanıb.

В этом разделе