Azərbaycan prezidenti 2 ədəd “İl-76” təyyarəsi ilə Pakistana humanitar yardım göndərilməsi barədə təlimat verib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən sel və daşqınlardan əziyyət çəkən insanlara kömək məqsədilə Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərilib.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, dövlət başçısı 2 ədəd “İl-76” tipli yük təyyarəsi ilə Pakistana humanitar yardım göndərilməsi haqqında da təlimat verib. Həmin təyyarələrdən biri 40 tonluq humanitar yardımı bu gün – avqustun 27-də Pakistana çatdırıb. İkinci təyyarənin isə avqustun 29-da Pakistana gedəcəyi gözlənilir. Azərbaycanın bu addımları Pakistan hökuməti və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, avqustun 27-də Pakistana çatdırılmış yardım Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ayrılmış, ümumi çəkisi 40 ton, dəyəri 350 000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallardan ibarət olub.

Avqustun 29-da isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104 834 manat dəyərində olan qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük təyyarə ilə Pakistana göndəriləcək.

В этом разделе