Anti-islam bəyanata ölkə ictimaiyyətinin etirazı davam edir

Bir qrupun beynəlxalq təşkilatlara ünvanladığı islama qarşı yönəlmiş məlum bəyanatla bağlı ölkə ictimaiyyətində reaksiyalar davam edir

"deyerler"in məlumatına görə, saytına istinadən verdiyi xəbərə görə, iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, islam Azərbaycanın atributunda, bayrağında öz əksini tapıb və onun dəyərləri cəmiyyətin saflaşmasında, inkişafında əhəmiyyətli rol oynayıb. "O baxımdan bu dəyərlərin ucuzlaşdırılması, gözdən salınması istiqamətində açıqlamalara münasibətim mənfidir", - Q.İbadoğlu deyib.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrinə görə, 1,5 milyarddan çox insanın tapındığı bir reallığa bu cür yanaşmaq olmaz. "İslam bir mədəniyyətdir, İslam bizim tariximizdir", - partiya sədrinin müavini vurğulayıb.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli də bəyanatla bağlı fikirlərinin müsbət olmadığını bildirib: "Uğursuz bir bəyanat olduğunu düşünürəm. Bu bəyanat bizim milli-mənəvi dəyərlərimizə qarşı yönələn bir bəyanatdır".

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin sözlərinə görə, islam dini Azərbaycanın çox parlaq bir mədəniyyəti, Azərbaycan adamının isə konstruksiyasıdır. "Ateistlərin və islam dininə qarşı müsəlləh olanların Azərbaycana gətirdiyi isə, hələ ki, yalnız bolşevizm olubdur", - baş redaktor vurğulayıb.

İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, birmənalı şəkildə İslamın tipik terror dini kimi təqdim edilməsi nəinki doğru deyil, hətta günahdır. Bu eyni zamanda İslamın bir din olaraq, dəyərlər toplusu olaraq mahiyyətini anlamamaqdan doğan bir yanlışlıqdır: "Mən birmənalı şəkildə bəyanatda qeyd edilən məsələlərlə razı deyiləm".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Rafiq Tağının öldürülməsi haqda araşdırma aparmaq, qatili tapmaq və onu öldürənlərə cəza vermək dövlətin işidir. Amma İslam dinini buna qatmaq çox bəsit və çox iyrəncdir. "İslam dini bizim dinimizdir və ona hörmət olunmalıdır. Nəinki hörmət etməliyik, biz dinimizi sevməliyik", - N. Cəfəroğlu vurğulayıb.

Bildirək ki, yazıçı Rafiq Tağının qətlə yetirilməsinin 40-cı günündə bir qrup yazar, jurnalist və mədəniyyət nümayəndələri beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Sənəddə R.Tağının ölümündə bilavasitə müsəlmanlar ittiham edilir, islamın ünvanına həqarətlər edilir.

В этом разделе