Dırnaqarası qəzet İslam peyğəmbərinin (s) karikaturalarını dərc edib
Azərbaycanda nəşr olunan “Alma” qəzetinin 2010-cu il oktyabrın 24-də dərc edilən sayında İslam Peyğəmbəri təhqir edilib.
"Islam-azeri"-nin məlumatına görə “Miili-Mənəvi Dəyərlər” İctimai Birliyi əhalisinin böyük əksəriyyəti müsəlman olan bir dövlətdə belə dözülməz hadisənin baş verməsinə qəti etirazını bildirir.
Adı çəkilən üzdəniraq nəşrin 13-cü səhifəsində Tural Qurbanlının qələmə aldığı məqalə Həzrəti Məhəmmədin (s) karikaturası ilə müşaiyyət olunub. Eyni zamanda məqalənin mətnində bəşəriyyətin ən üstün insanına inanılmaz alçaq həqarətlərə yol verilib.
MMDİB Azərbaycanda əminamanlığın, stabilliyin və vətəndaş həmrəyliyinin keşiyində dayanmalı olan müvafiq dövlət strukturlarına müraciət edərək, bu səpgili təxribat xarakterli yazıların qarşısının alınmasını tələb edir. Bəzi ünsürlərin cəmiyyətdə gərginlik yaratmaq cəhdləri aşkarcasına müstəqil Azərbaycana və onun müsəlman əhalisinə qarşı yönəli bir aksiyadır.
İslamın saf fəlsəfəsi və dəyərləriylə mübarizəyə qalxan nadürüst məxluqlar dünyanın müxtəlif guşələrində müxtəlif zamanlarda Peyğəmbərimizi təhqir edib, ona karikaturalar çəkiblər. Lakin onların demək olar ki, hamısı qeyri-müsəlman dövlətlərinin nümayəndələri olublar. “Alma” qəzeti isə bu cinayəti müsəlman dövlətində, İKT-nin üzvü olan bir dövlətdə edib.
MMDİB bir daha bütün İslam ümmətini belə alçaqcasına təhqir edənlərin cəzalandırılmasını tələb edir. Əks təqdirdə, bu digər İslam düşmənlərinə də bir siqnal ola bilər. O zaman cəmiyyətdə baş verəcək qarşıdurma və çəkişmələri təsəvvür etmək çox çətindir.