Qafqaz Müsəlmanları İdarəsi islam alimlərinin QMİ sədri Allahşükür Paşazadəyə təzyiq göstərməsi barədə xəbərləri inkar edib
Belə ki, bəzi KİV  bildirib  ki, İranın din xadimləri Paşazadəni orta məktəblərdə  hicaba qadağanı  aradan qaldıra bilmədiyi  üçün istefa verməyə çağırıblar.  Əslində bu  cür bəyanatlar bəzi İran telekanallarında səslənib ki, bunu da din  xadimlərinin mövqeyi hesab  etmək olmaz.
 “Azərbaycan  dünyəvi  dövlətdir, din dövlətdən  ayrıdır. Odur ki, burada məsələ  bir tərəfin  istəyilə yox, tərəflərin  qarşılıqlı razılığı əsasında  həllini  tapmalıdır və bunun başqa yolu yoxdur, ”- mənbə vurğulayıb.   
 Mənbə  orta məktəblərdə geyim formasını  hər məktəbin özünün müəyyən   etməsi məsələsinə də toxunub.  Bu müstəvidə hicab məsələsinin  məktəb  rəhbərliyi və məktəbin  valideynlər şurasının birgə  rəyilə həllni  tapacağına ümid bəslədiyini deyib.
 Mənbənin  fikrincə, ölkənin  siyasi rəhbərliyi  bu məsələdə orta məktəblərə  sərbəstlik verib və  məsələ  tərəflər arasında razılıq əsasında  həllini tapa bilər. Əgər  hansısa  məktəbdə məsələ həllini tapmayacaqsa, o zaman məhkəmələrə  müraciət etməyin mümkün olacaq.  Mənbə dini idarə olaraq mövqelərinə  gəlincə, orta məktəblərin  hicablı olmaq istəyən şagirdləri üçün uyğun  bir formanın tapılması  mövqeyində olduqlarını nəzərə çatdırıb.       
 Qeyd  edək ki, ötən həftə Nazirlər Kabineti ümumtəhsil məktəblərinin  nümunəvi nizamnaməsini təsdiqləyib. Nizamnamə şagirdlərin forma  məsələsini tənzimləyir. Sənədə görə, hər bir ümumtəhsil məktəbində forma  “təhsilin dünyəvi xarakter daşıması” nəzərə alınmaqla məktəbin  nizamnaməsi ilə müəyyən olunur.
 Bu  cür yanaşma sənədin  müxtəlif  cür təfsirinə imkan verir.  Belə ki, hicab tərəfdarları bunu   hakimiyyətin mövqeyinin yumşalması  və məsələnin həllinin məktəblərin   öz öhdəsinə buraxılması kimi  qeyd edirlər. Təhsil Nazirliyindən   bununla bağlı şərh almaq mümkün olmayıb. 
 Öz  növbəsində Bakı  şəhər Baş  Təhsil İdarəsinin mətbuat xidmətinin  rəhbəri Zəminə Əliqızı  Turan-a  bildirib ki, məktəbli forması  hicab taxılmasını nəzərdə  tutmur. /TURAN/














