Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdıBu gün Bakı metropolitenin "20 yanvar" stansiyasında baş verən terror aktının ildönümüdür. 15 il əvvəl martın 19-da törədilən bu hadisənin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı olduğu təsdiqini tapıb. Xatırladaq ki, 19 mart 1994-cü il tarixində erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin "20 yanvar" stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdı. Hadisə ilə bağlı məhkəmə istintaq qrupunın apardığı araşdırma zamanı Ermənistan xüsusi xidmət orqanlarının planı əsasında hazırlanan terror aksiyasının separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi məlum olub. Terror aktı ilə bağlı aparılan istintaq materiallarına görə, hadisəni törədən "Sadval" separatçı təşkilatının fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş və bu ölkənin milli təhlükəsizlik baş idarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində o, cümlədən silahlanmasında yaxından iştirak etmişdi. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribatına hazırlıq keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq "20 yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Aparılan istintaq tədbirləri zamanı partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı həbs edilərək cinayət məsuliyyətinə cəlb edilib. /ANS PRESS/