
İranın XİN nümayəndəsi Ramin Mehmanpərəst bunu bəyan edib
Suriyada vüsət alan anti-hökumət nümayişləri Qərb  tərəfindən şişirdilən "məhdud miqyaslı hərəkatdır". Bunu İranın xarici  işlər nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bəyan edib. Onun  sözlərinə görə, Qərb, daha doğrusu ABŞ və İsrail Suriyada kiçik bir  azlığın tələblərini bütün ölkəyə şamil etməyə çalışır.  "Kütləvi-informasiya vasitələri ilə onlar cəmiyyətin kiçik bir  hissəsinin tələblərini çoxluğun tələbləri kimi göstərməyə cəhd edir. Bu,  demokratiya adlandırıla bilməz." - Ramin Mehmanpərəst belə deyib-ANS PRESS "Accociated press"ə istinadən xəbər verir.
 
 Bəhreyndə baş verən hadisələrə də münasibət açıqlayan İran rəsmisi bir  daha bildirib ki, Tehran heç bir halda başqa bir ölkənin daxili işlərinə  qarışa bilməz, bu, İranın xarici siyasət prinsiplərinə ziddir.
 
 İranın xarici işlər nazirliyinin mətbuat katibi Misirlə münasibətləri də  şərh edib. "İran və Misir arasında əlaqələrin bərpasına dair danışıqlar  aparılır. Müxtəlif səviyyələr üzrə müzakirələr aparmışıq. Yaxın  gələcəkdə iki ölkənin xarici işlər nazirləri Qoşulmama Hərəkatının  toplantısında da bir araya gələcəklər." - deyə İran rəsmisi qeyd edib.