
2010-cu il ərzində Azərbaycanda 165,6 min nəfər körpə doğulub
"APA"nın məlumatına görə ötən il ərzində Azərbaycanda 165,6 min nəfər körpə doğulub, 53,6 min  nəfər insan dünyasını dəyişib. Göründüyü kimi, keçən il ölkədə  doğulanların sayı ölənlərdən təxminən 3,1 dəfə çox olub.
Dövlət  Statistika Komitəsindən verilən məlumata görə, 2010-cu il ərzində  Azərbaycanda 165,6 min nəfər körpə doğulub ki, bu da son 16 ildə ən  yüksək göstəricidir, 2009-cu illə müqayisədə doğulanların sayı əhalinin  hər 1 000 nəfərinə hesabı ilə 17,2-dən 18,5-ə qədər artıb. Doğulanlar  arasında oğlanların xüsusi çəkisi 53,9%, qızların isə 46,1% təşkil edib.  Körpələrin 1 670-i əkiz, 48-i üçəm olub.
Əvvəlki ildə olduğu  kimi, doğulan oğlanlara ən çox Əli, Məhəmməd, Hüseyn, Murad və Nihad,  qızlara isə Zəhra, Fatimə, Nuray, Fidan və Nərmin adları verilib.
Hazırda  uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu  orta hesabla 2,3 uşaq düşür və ölkədə əhalinin təkrar istehsalı təmin  olunur.
Qeyd edək ki, 2010-cu ildə 53,6 min və ya əhalinin hər 1  000 nəfərinə hesabı ilə 6 ölüm halı qeydə alınıb. Ölümün əsas səbəbləri  qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm və tənəffüs  orqanlarının xəstəlikləri olub.