Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib«Azərbaycanın son məqsədi yeddi rayonun qaytarılması yox, ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ regionunda icmalar arasında sülh yaradılmasıdır». Bunu BBC-nin rus xidmətinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. «Ölkənin ərazi bütövlüyünün bərpası deyərkən, Azərbaycan daim bəyan edir ki, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ regionunun ərazisində ən azı iki icmadan ibarət əhali yaşayacaq- azərbaycanlı və erməni. Erməni tərəfi əhali problemi barədə danışarkən, yalnız erməni icmasını nəzərdə tutur»,- deyə A.Əzimov bildirib.
Nazir müavininin sözlərinə görə, təəssüf ki, tərəflər azərbaycanlı əhalinin regiona qayıtması məsələsində hələlik tam anlaşmaya və aydınlığa gələ bilməyiblər və əlavə edib ki, Azərbaycan tərəfi heç zaman Qarabağın erməni icması ilə əlaqələrin mümkünlüyünü istisna etməyib: «Belə əlaqələr var idi, var və ya ola bilər». Onun sözlərinə görə, əhalinin statusu barədə məsələlərin müzakirəsi üçün normal şərait yaratmaqdan ötrü, ən azı iki icma arasında əməkdaşlıq, sülh və əmin-amanlığı təmin etmək lazımdır: «Bu məqsədlərə çatmaq üçün biz ən azı bir icmanın geri qayıtmasını və onlar arasında qarşılıqlı əlaqəni təmin etməliyik». /ANS TV/