İranın Xarici İşlər Naziri Mənuçöhr Müttəki ABŞ prezidenti Barak Obamanın 2009-cu il Nobel sülh mükafatı laureatı olması barədə bildirib ki, bu haqda çox tələsik qərar qəbul olunub və Nobel sülh mükafatını ona verməkdə tələsiblərBu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
"Mükafatın verilməsi əgər ABŞ-ın siyasətlərini dünyada ədalətli sülh yaratmağa yönəldəcəksə biz onunla müxalif deyilik. Bu mükafatın verilməsi üçün ən münasib vaxt ABŞ və Koalisiya qüvvələrinin İraq və Əfqanıstandan çıxarılması və Fələstin xalqının hüquqlarının qorunacağı gündür", -deyə Müttəki deyib.
Norveçin Oslodakı Nobel Komitəsi cümə günü elan edib ki, 2009-cu il Nobel sülh mükafatı beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün fövqəladə səylərinə görə ABŞ Prezidenti Barak Obamaya verilib.
Norveçin Nobel Komitəsinin məlumatında deyilir ki, Obama diplomatiyasına görə, dünyaya rəhbərlik edən insanlar dünyanın böyük hissəsinin bölüşdürdüyü dəyərlərə və mövqelərə əsaslanaraq ona rəhbərlik etməlidirlər.
Sənəddə deyilir ki, komitə Obamanın "nüvə silahı olmayan dünya" yaratmaq üçün gördüyü işləri yüksək qiymətləndirir. ABŞ Prezidenti kimi o, hərtərəfli diplomatiyanın həlledici rol oynadığı, həmçinin BMT və digər beynəlxalq təşkilatların rolunun qeyd olunduğu "beynəlxalq siyasətdə yeni mühit yaradıb".
Bu il Nobel mükafatının məbləği 10 milyon İsveç kronu təşkil edir (bir milyon avro).
Təqdimetmə mərasimi dekabrın 10-da - onun təsisçisi, isveçli ixtiraçı, filoloq və filosof Alfred Nobelin (1833-1896) vəfatı günü Osloda keçiriləcək.
Obama Nobel mükafatı alan ilk ABŞ Prezidenti deyil. 1919-cu ildə Vudro Vilson da bu mükafata layiq görülüb. /trend/