Analitika və müsahibə » Vəhhabi krallığının çöküşü (analitik)

ABŞ Səudiyyə krallığını qınayaraq Səud ailəsini təkfirçilər tərəfindən alovlandırılan bombardman və müharibələrin arxasında durmaqda günahlandırır. Bütün bu hadisələrin fonunda insanın ağlına bir sual gəlir. Görəsən artıq krallığın sonu yaxınlaşır? Amerika və müttəfiqləri isə Səud ailəsindən geri qalacaq böyük bir sərvətə göz dikmiş vəziyyətdə gözləməkdədir.

Dünyada terrorun yayılmasında inkaredilməz bir rola sahib olan vəhhabi Səudiyyə Ərəbistanı Krallığı qurulduğu gündən bəri ilk dəfədir ki, ciddi bir təhlükə ilə qarşılaşır. Öz maraqlarını əldə etməkdən ötrü Səud ailəsini istifadə edən Amerika isə cütləşdikdən sonra erkək partnyorunu yeyən "qara dul" (lat. Latrodectus mactans) hörümçəyi kimi, vəzifəsini tamamlayan və daha özü üçün yük halına gəlməyə başlayan vəhhabiləri artıq yox etmək istəyir.

Ancaq vəhhabiliklə Səud ailəsi eynilə bitişik gəzən siyam əkizləri kimi ayrılması çox çətin bir ikilidirlər. Belə ki, krallığın vəhhabi qurumları üçün qüvvəyə minəcək hər hansı bir məhdudiyyət avtomatik olaraq Səud ailəsi üçün böyük problemlərə səbəb ola bilər. Nəticədə Riyad rəhbərliyi ölkədə yayılmış və fəal olan vəhhabi təşkilatların qəzəb və etirazı ilə üz-üzə qala bilər. Digər tərəfdən isə vəhhabilər mürtəce və qatı qayda-qanunları olan iqtidarlarında hər hansı bir yenilənməni qəbul etmirlər. Elmə, çağdaş həyata, hətta insanlığıa qarşı olan vəhhabilərin verdikləri fətvaları, davranışları və fikirləri artıq məqbul hesab edilən sərhədləri aşmışdır. Bütün dünyada öldürməklə qorxu saçan və bir çox ölkəni qan gölünə çevirən terror təşkilatlarının böyük bir qisminin vəhhabilər tərəfindən dəstəkləndiyi və məşruiyyət qazandırıldığı artıq hamıya məlumdur. Bu məsələ onlar üçün qlobal bir tələb halına gəlmişdi, ta ki Səud ailəsinə xidmət edən müttəfiq ölkələr artıq beynəlxalq arenada onları qoruyub dəstəkləməyəcək vəziyyətə gələnə qədər.

Səudiyyə Ərəbistanı Müdafiə Naziri vəliəhd şahzadə Muhəmməd ibn Salmanın başlatdığı krallıqdakı müasirləşmə cəhdləri ciddi bir addım hesab edilmir. Belə ki, bu təşəbbüs vəhhabi terrorçuların Avropa torpaqlarına daşıdıqları terror fəaliyyətlərinin qarşılığında Avropa ölkələrinin hirsini soyutma hədəfi daşıyan kağız parçasından başqa bir şey deyil.

Bu sözdə müasirləşmə fəaliyyətlərinə baxmayaraq, Səudiyyə torpaqlarındakı orta təbəqənin və xarici universitet məzunlarının Vəhhabi hakimiyyətinin boyunduruğu altında yaşamaq imkanları yoxdur. Hüququn, konstitusiyanın, partiyaların, seçkilərin, qanunvericilik kabinetinin və müasir dövlət qurumlarının olmaması nəticəsində bu elit təbəqənin krallıq ərazisində iqtisadi və ideoloji ağırlıqları sürətlənir. Bu vəziyyət isə ölkə içində üsyan üçün lazım olan bütün amilləri bir arada saxlayır.

Digər tərəfdən isə, şiə məzhəbini qəbul edən müsəlmanlarla Səudiyyə torpaqlarında son dərəcə sərt, qatı və kobud rəftar edilir. Səud rəhbərliyi onları cəmiyyətdən kənarlaşdırmaqla kifayətlənmir, həmçinin şiə vətəndaşların bir çox ictimai sahələrdə vəzifə tutmasına və xidmət etməsinə mane olur. Bundan başqa, Krallığa tabe olan böyük din xadimləri fətvalarında şiələrin hamısını açıq bir şəkildə kafir elan edir və şiə vətəndaşlar təhlükəsizlik orqanlarının təqibinə məruz qalırlar. Hər gün ölkənin fərqli bir nöqtəsində təkfirçi qrupların həyata keçirdiyi partlayış və hücumlarla üz-üzə gələn şiələrin qəzəbi artıq qorxu divarını qırma həddinə çatıb. İllərlə yığılmış bu qəzəb onların Səudiyyə torpaqlarında daha əvvəl görülməmiş bir şəkildə küçələrə axışmasına səbəb oldu.

Vəhhabi krallığının qarşılaşdığı xarici problemlər isə neft qiymətlərini aşağı salmaq üçün bazarları çökdürən Səudiyyə krallığının siyasətlərindəki təhlükəni artırır. İran, Rusiya, İraq və Venesuela kimi özünə müxalif olan neft ölkələrini çətin vəziyyətə salmaq üçün bazar qiymətlərilə oynayan Səudiyyə Ərəbistanı qiymətləri salmaqla əslində ən ağır vəziyyətə özü düşür. Bu vəziyyət ölkəni iqtisadi böhrana sürükləyən səbəblərdən bəlkə də ən mühümüdür.

Çirkli siyasəti ilə dostlarını düşdüyü bataqlığa sürükləyən Səudiyyə Ərəbistanının üzləşdiyi ən böyük təhlükə isə dörd bir tərəfdən ətrafını bürüyən nifrət dalğasıdır. Axırıncı dəfə Yəmən müharibəsində Səudiyyə qüvvələrinə dəstək verən Birləşmiş Ərəb Əmirlikləri cəbhədə verdiyi itkilərin artması nəticəsində Riyad rəhbərliyindən uzaqlaşmağa başladı. Havadarları tərəfindən tərk olunmağa başlanan Səudiyyə Ərəbistanı Körfəz ölkələrində ideyalarının yayılacağından qorxulan İxvan Camaatından kömək istədi. Baş verən proseslərdən sonra oturuşmuş siyasətində dəyişiklik edən Qətər rəhbərliyi də İran rəhbərliyinə telefonla zəng edərək iki ölkə arasında münasibətləri normallaşdırmaq istədiyini bildirib. Müharibə və zorakılıq dalğası ilə boğuşan Səudiyyə gəmisindən ən çox uzaqlaşan ölkə isə Küveyt oldu. Vəhhabi Səudiyyə Ərəbistanının bombalama üzərində qurulmuş siyasətindən sıçrayan şrapnel parçalarının özünə tuş gəlməsindən ehtiyatlanan Küveyt rəhbərliyi, heç şübhəsiz, Səudiyyə Ərəbistanının özünü atdığı odun içinə düşməkdən qorxur.

Səudiyyənin siyasətindən uzaqlaşan bir başqa ölkə isə Oman Sultanlığı oldu. Balanslı bir siyasət aparmağı üstün hesab edən Omanın rəhbərliyi də İran ilə möhkəm əlaqələr qurmağa başladı. Dostlarının bir-bir uzaqlaşması nəticəsində Səudiyyə Krallığı üçün Bəhreyndən başqa etibarlı ölkə qalmadı. Krallığa göstərdiyi etimadı hər şeydən üstündə tutan Bəhreyn rəhbərliyi dinc yollarla islahat istəyən xalqının qarşısında Krallığın köməyinə müraciət etdi.

Səudiyyə krallığına qarşı sürətlə yayılan nifrət atəşinin ən böyük mənbəyi Yəmən oldu. Hər gün müxtəlif silahlardan bombardmanlara məruz qalan Yəməndə sanki qan çayları axır. Məktəblər, xəstəxanalar, bazarlar, yollar, evlər, hətta körpə və uşaqların olduqları parklar da daxil olmaqla hədəf alınan Yəməndə Səudiyyə qüvvələri bombalamadıqları yer qoymur.

Vəliəhd Şahzadə Muhəmməd bin Salman Yəmənlə olan müharibənin bir mübahisədən ibarət olduğuna inanırdı. Belə ki, Yəmən ordusu zəif silahlarla mübarizə apardıqları halda Səudiyyə Ərəbistanı silah idxalında dünya miqyasında ilk sırada yer alır. Ancaq Şahzadə Salman Yəmən xalqının möhkəm iradəsi qarşısında çaşqınlığa uğradı. Səudiyyə krallığı dünyanın bütün qitələrindən gələn pullu əsgərlərə baxmayaraq, Yəmənli döyüşçülərin səbat və döyüş bacarığı qarşısında uğur əldə edə bilmədi.

İŞİD terrorçuları torpaqları işğal edilən, yandırılıb dağıdılan, hər bir guşəsində bombalar partladılan İraqa gəldikdə, ölkə Səudiyyə Krallığı üçün yeni bir münaqişə namizədidir. İŞİD İraq vətəndaşlarına qarşı müasir dövrdə görülən ən şiddətli vəhşiliklərdən birini həyata keçirərkən, Səudiyyə Ərəbistanı da digər yandan ölkənin daxili işlərinə qarışmağa cəhd etdi. Ölkədə məzhəbçilik fitilini alışdırmağa çalışan Krallıq diplomatik böhranlara səbəb oldu. İraqlılar isə İŞİD-in günahlarını Səudiyyə Ərəbistanının üzərinə yüklədi. Zəif bir İraq istəyən Səudiyyə Ərəbistanının ölkəyə qarşı törətdiyi cinayətlər iki ölkə arasında yaşanacaq bir münaqişəni az qala qarşısıalınmaz bir vəziyyətə gətirib çıxardı.

İordaniya da artıq Krallığın tutduğu yolu getməyə o qədər də həvəsli deyil. Səudiyyə macərasında təhlükə hiss edən İordaniya rəhbərliyi bu macəranın sonunda əldə olunacaq nəticələrədən özünə də böyük bir pay düşəcəyini bilir. Buna görə İordaniya öz ərazilərində terrorçuların yetişdirilməsi, ya da Suriya ilə İraq müharibələrinə qoşulmaq məcburiyyətində qalaraq ağır nəticələrə düçar olacağından qorxub Səudiyyə Ərəbistanının siyasətindən uzaq durmağı üstünlük verir.

Səudiyyə-Misir münasibətlərinə gəldikdə, iki ölkə arasındakı problemlərin üzə çıxmağa başlandığı görülür. Misirin iqtisadi gözləntilərlə Riyad rəhbərliyini məmnun etmə cəhdlərinə baxmayaraq, Səudiyyə Ərəbistanının öz gücünü aşan gözləntiləri iki ölkə arasında böhrana səbəb oldu. Misir milli təhlükəsizliyinə zərər verən Səudiyyə Ərəbistanı Krallığının daxil olduğu bataqlığın palçığına daha çox batmaq istəmir. Xüsusilə, Misirin təhlükəsizlik və maraqları ilə uzlaşmayan Suriya müharibəsi siyasəti iki ölkə arasında münasibətlərin soyumasına səbəb oldu. Bu səbəbdən də Misir lideri Sisi Suriya böhranının həllini müzakirəyə çıxardı. Suriyanın birliyi, terrorla mübarizə və Suriyada mövcud problemin həlli üçün dialoq tələb edən Misirin siyasəti Rusiya və İranın bu barədəki fikirləri ilə tamamilə üst-üstə düşür. Səudiyyə Ərəbistanına qarşı münasibəti Krallığın Suriya siyasəti ilə məhdud olmayan Misirin Əzhər Şeyxi Qroznı Konfransındakı çıxışında vəhhabiliyin sünni məzhəblərdən ayrı qiymətləndirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasında gərginliyə səbəb olan bu çıxış Səudiyyə tərəfindən qəzəb dalğası və təhdidləri də bərabərində gətirdi.

Vəhhabi Səudiyyə Ərəbistanının ətrafa yaydığı atəşin hədəfindəki ölkələrin ilk sırasında şübhəsiz ki, İran dayanır. Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəisi Ənvar Eşki bunu açıq şəkildə bildirərək, İranda hakimiyyətin devrilməsi çağırışı etmişdi. Səudiyyə Ərəbistanı müftisi isə bütün İranlıların məcusi olduğunu deyib kafir elan etmişdi. Bu düşmənçilik təbii olaraq, Səudiyyə Ərəbistanının dəstəklədiyi terrorçuların əli ilə yüz minlərlə qurban verən Suriyaya də sıçradı. Suriyanın şəhərlərini və infrasturkturunu viran etdi, iqtisadiyyatında bərpa olunması çox çətin olan izlər qoydu. Krallıq bununla yanaşı, Hizbullahı da düşmən siyahısında ilk sıraya qoydu. Hizbullahı, üzvlərini və tərəfdarlarını zəiflətmək üçün mümkün olan hər yolu sınayan Səudiyyə Krallığı Hizbullahın terror siyahısına salınması üçün Ərəb Birliyi ölkələrinə təzyiq göstərdi.

Vəhhabi Krallığının ətrafını bürüyən nifrət çevrəsi məhz bu şəkildə genişlənib. Hər an partlamağa hazır olan bu nifrət alovu ən yaxşı ehtimalla Səudiyyə Ərəbistanının yaşadığı qorxu abu-havasını və ağrı-acını artıracaq. Hər an alovlana biləcək vəziyyətdə olan nifrət çevrəsinin şiddətli bir böhranla Krallığı bir alov topuna çevirməsi gözlənilir.

Səudiyyə Ərəbistanı müttəfiqləri tərəfindən bir-bir tərk edilərkən bir zərbə də Amerikadan gəldi. Ötən həftə ABŞ məclisindən çıxan qərar Riyad rəhbərliyi tərəfindən həyəcanla qarşılanıb. ABŞ Senatı tərəfindən yekdilliklə qəbul edilən qərar 11 Sentyabrda baş verən terror aktının qurbanlarına hadisə ilə bağlı dövlət və şəxsiyyətlər haqqında məhkəməyə şikayət etmək hüququ verir. Əksəriyyəti Səudiyyə Ərəbistanlı olan təcavüzkarların bir qismi son vaxtlarda gizlincə Səudiyyə həbsxanalarından sərbəst buraxılmışdı. Bu hadisə terror hücumu ilə əlaqədar şəxslərin Səudiyyə rəhbərliyi ilə əlaqəli şəxslər olduğunu açıq şəkildə göstərir. ABŞ-da çıxan qərardan sonra Səudiyyə Krallığı dostu olan və ya siyasətlərini dəstəkləyən bütün ölkələri bir yerə toplayaraq qərarı pisləmələrini istədi.

Amerikan rəhbərliyinin verdiyi qərarın vaxtı Səudiyyə hakimiyyət ailəsində qorxunu artırdı. Bu qədər vaxt keçdikdən sonra 11 Sentyabr sənədlərinin təkrar açılma səbəbi maraq mövzusu olub. Sonra isə geniş beynəlxalq kampaniya çərçivəsində bu qərar verildi. ABŞ Səudiyyə Krallığını qınayaraq, Səudiyyə ailəsini təkfirçilər tərəfindən alovlandırılan bombardman və müharibələrin arxasında durmaqda günahlandırır.

Bütün bu hadisələrin fonunda insanın ağlına bir sual gəlir. Görəsən Görəsən Krallığın sonu yaxınlaşır artıq? Amerika və müttəfiqləri isə Səud ailəsindən geri qalacaq böyük bir sərvətə göz dikmiş vəziyyətdə gözləməkdədir.



Mustafa Səid

Mənbə: Al-alam/medyasafak

Tərcümə: 313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!