İslam araşdırıcısı Natiq Rəhimovun hazırladığı "Azərbaycanın din alimləri" kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəfis tərtibatla nəşr edilib.
Müəllif SalamNews-a bildirib ki, kitabın nəşrinə göstərdikləri köməyə görə Dini Komitənin rəhbərliyinə, kitabın redaktoruna təşəkkür edir. Həmçinin əminlik ifadə edib ki, kitab bu mövzu ilə maraqlananlara gözəl bir töhfə olacaq.
Natiq Rəhimov deyib: "Bu kitab ilahiyyat sahəsində və bununla bağlı elmlərdə müstəsna xidmətləri olmuş və çox yüksək məqama çatmış azərbaycanlı alimlərin həyat və yaradıcılığı haqqında məlumatları əhatə edir.
Əvvəla, burada yalnız Şimali Azərbaycan torpaqlarından və tarixən azərbaycanlılar yaşamış İrəvan, Dərbənd kimi şəhərlərdən çıxmış din alimlərindən söhbət açılır, Cənubi Azərbaycanda yaşayıb-yaratmış şəxslər bura aid edilməyib. İkincisi, kitaba daxil edilmiş fiqh mütəxəssislərindən hər biri ya öz dövründə mərceyi-təqlid kimi tanınıb (yəni müqəllidləri olub), ya da dünya şöhrətli mərceyi-təqlidlərin yetişməsində mühüm rol oynayıb. İctihada çatmış hər alim haqqında məlumat kitabda yer almayıb.
Çünki Azərbaycanın hər bir bölgəsindən, hətta ən kiçik kəndlərindən belə, minlərlə insan məşhur hövzələrdə (dini elm mərkəzlərində) oxuyub ictihad dərəcəsinə çatıb. Onların hamısı haqqında məlumat verməyə bu kitabın həcmi də imkan vermir.
Kitabda tərcümey-halı verilmiş alimlər haqqında digər mənbələrdəki məlumatlar ya həddindən artıq qısadır, ya da ümumiyyətlə yox dərəcəsindədir. Kitabın yazılışı zamanı mənbələrdəki informasiyalar müqayisəli təhlil edilib, dəqiqləşdirilib, ardıcıl və sistematik şəkildə düzülüb".