Azərbaycan tərəfi Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstərəcək
Bu açıqlamanı APA-ya Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev verib.
Qeyd edək ki, mücahid türklərə məxsus saytda bu günə kimi Suriyada 30-dək azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yerləşdirilib.
Elman Abdullayev xatırladıb ki, Azərbaycanın Suriyadakı səfirliyində konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının hamısı ölkədə vəziyyət gərginləşdikdən sonra buranı tərk edib: “Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və hazırda Suriya ilə bağlı məsələləri oradan idarə edir. Diplomatik missiya Beyruta köçürülməzdən əvvəl səfirlik Azərbaycan vətəndaşlarının hamısının Suriyanı tərk etməsinin qeydinə qalıb. Bu gün konsulluqda qeydiyyatda duran Azərbaycan vətəndaşlarının hamısı Suriyanı tərk ediblər”. Elman Abdullayev artıq bir çox xarici ölkələrin diplomatik missiyalarının ölkədəki gərgin vəziyyətlə əlaqədar Suriyanı tərk etdiyini bildirib.
Mətbuat katibinin sözlərinə görə, Suriyada yaranmış vəziyyətlə əlaqədar öldürülən şəxslərin milliyyətini və vətəndaşlığını müəyyənləşdirmək çətindir: “Bu şəxslərin Azərbaycan vətəndaşı olduğu rəsmi olaraq müəyyənləşməyib. Ölkədəki gərgin vəziyyətə baxmayaraq Azərbaycan tərəfi bu adamların vətəndaşlığını müəyyənləşdirməyə səy göstərəcək”.