Analitika və müsahibə » Azərbaycan dünyəvi dövlət olaraq öz seçimini edib- Hacı Şahin Həsənli

"Azərbaycanın gələcək inkişafı onun dünyəviliyi ilə bağlıdır. İnsanların dinə bağlı olması, eyni zamanda dünyəvi dövlətdə yaşamaq istəyi müsbət nümunədir. Bu, Azərbaycan xalqının seçimidir"

Bunu SalamNews-a müsahibəsində "Mənəvi dünya" ictimai təşkilatının sədri, Məşədi Dadaş məsçidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.

- Bir neçə gün əvvəl Prezident yanında Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda İslam" mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqladı. Nəticələrə əsasən Azərbaycanda əhalinin əksəriyyətində son illər dinə və mənəvi-dəyərlərə maraq artıb. Buna münasibətiniz necədir?

- Belə sorğular cəmiyyətdə ictimai rəyi əks etdirir. Mənim üçün o sorğunun nəticələrində təəccüblü heç nə yox idi. Cəmiyyətdə dinə olan münasibətin təxminən belə olduğunu düşünürdük. Orada göstərilən faiz nisbətləri də bizi təəccübləndirmədi. Bu, onu göstərir ki, Azərbaycan cəmiyyətində dinə maraq var və bu maraq günbəgün, xüsusən də gənclər arasında artır. Biz bunun canlı şahidiyik və sorğu da bunu açıq şəkildə göstərir. Biz insanlarla təmasda oluruq, xüsusən də gənclərlə və görürük ki, mənəvi dəyərlərimizə yönələn insanların sayı ildən-ilə artır. Bu artım var və ona görə də cəmiyyətdə dinə olan maraq olduqca təbiidir.

- Sorğunun nəticələri göstərib ki, əhalinin 95%-i Azərbaycanda dünyəvi dövlətin tərəfdarıdır. İnsanların yalnız 5%-i ölkədə dini dövlətin qurulmasını istəyir.

- Bunu da təbii qəbul edirəm. Azərbaycan dünyəvi dövlət olaraq öz seçimini edib. Azərbaycanın gələcək inkişafı onun dünyəviliyi ilə bağlıdır. İnsanların dinə bağlı olması, eyni zamanda dünyəvi dövlətdə yaşamaq istəyi müsbət nümunədir. Bu, Azərbaycan xalqının seçimidir. Başqa dövlətlərdən fərqli olaraq, Azərbaycan xalqının dini dövlət haqda anlayışları bir qədər fərqlidir. Azərbaycan xalqı əsasən müsəlmandır. Lakin əhalinin müəyyən faizi dini ayinləri icra edir. Dini ayinləri icra edib-etməməsindən asılı olmayaraq, mən Azərbaycan cəmiyyətini dindar cəmiyyət hesab edirəm. Amma xalq eyni zamanda dünyəvi dövlətdə dini dəyərləri qorumaq yolunu seçib və bu da öz-özlüyündə müsbət bir tendensiyadır.

- Statistika göstərir ki, ölkədə son 5 ildə xristian dininə itaət edən xeyli insan islamı qəbul edib. Bunu nə ilə izah etmək olar?

- Nəinki Azərbaycanda, ümumilikdə, hazırda dünya miqyasında İslama maraq güclənib. Avropa ölkələrində, xüsusilə, ziyalı insanlar arasında dinimizə yönələnlərin sayı günbəgün artır. Bu proses Azərbaycanda da gedir. Dinimizin elmi şəkildə təbliğ olunması nəticəsində bu gün dünya İslam mədəniyyəti ilə yenidən tanış olmaqdadır. Əgər ötən əsrdə savad baxımdan nisbətən zəif olanlar İslama gəlirdisə, bu gün artıq din içində ziyalılaşma prosesi gedir. Avropada Xristian dininə mənsub olan ziyalılar bu gün İslamla maraqlanır. Bu, həqiqətən dinimizin məntiqə, ağla əsaslandığının və İslam mədəniyyətinin nə dərəcədə parlaq olduğunun göstəricisidir.

 

- Azərbaycanda digər dinin nümayəndələrinə nisbətən əhali ateistlərə, allahsızlara qarşı daha sərt yanaşır. Yanaşmadakı bu fərq nə ilə bağlıdır?

- Həqiqətən, bu, şişirdilmiş məsələ deyil ki, cəmiyyətimizdə doğurdan da tolerantlıq nümunəsi var. Azərbaycanda hətta bir çox inkişaf etmiş ölkələrə nümunə olacaq qədər dözümlülük var. Ölkədə müxtəlif dini baxışlara, görüşlərə dözümlülük var. Bir neçə hadisə istisna olmaqla, ateistlərə qarşı da cəmiyyətdə demək olar ki, zorakılıq halları olmayıb. Onlara qarşı mənfi münasibətə gəlincə, məncə bu, xalqın yaddaşında qalmış sovet hakimiyyəti illərindən qalmış mənfi xatirənin, mənfi təəssüratların nəticəsidir. Bu, ateizmin cövlan etdiyi o dövrdə xalqın inancına qarşı edilmiş həqarətin əks, adekvat reaksiyasıdır.

- Bəzi təriqətlərin əqidə azadlığından sui-istifadə edərək Azərbaycanda milli təhlükəsizliyə təhdidlər yaratdığı bildirilir. Bununla razısınızmı?

- Mən tamamilə razıyam ki, azadlığın bir sərhəddi olmalıdır. Hər hansı ideya, hər hansı əqidə dövlətçiliyə və onun təməllərinə zərbə vurursa, heç şübhəsiz ki, o azadlıq məhdudlaşdırılmalıdır. Bəzən etiqad azadlığı adı ilə bizlərdən tələb edirlər ki, milli kimliyimizə zərər vura biləcək cərəyanların da fəaliyyətinə meydan verilməlidir. Hazırda hələlik mən elə bir ciddi təhlükə görmürəm, amma bu gün bu məsələlərə düzgün yanaşma olmazsa, gələcəkdə belə bir təhlükənin olacağını istisna etmək olmaz.

- SAM-ın apardığı sorğunun nəticələrini ümumiləşdirsək, görərik ki, Azərbaycanda əhalinn 73 %-i radikallılığı və ideologiyasına görə özlərini sələfi adlandıran vəhabiliyə qarşıdır. Bu mübarizə hər iki tərəfdən hələlik açıq şəkildə də olmasa, virtual aləmdə, sosial şəbəkələrdə çox ciddi şəkildə gedir. Sizcə bu məsələdə necə davranılmalıdır?

- Mən belə düşünürəm ki, istənilən əqidəyə qarşı hansısa sərt, radikal mövqe tutmaq düzgün deyil. Amma kimsə bu tip cərəyanlarla mübarizə aparmağı düşünürsə, əgər cəmiyyət bunu özünə yad bir əqidə hesab edirsə, burda maariflənməyə ehtiyac var. İnsanlar dini doğru və sərbəst şəkildə tanıyarlarsa, o zaman belə cərəyanların fəaliyyətinə praktiki olaraq imkan olmayacaq. İnzibati üsullarla bu tip cərəyanların fəaliyyətinin qarşını almaq olmur. Əgər hardasa qadağan olunurlarsa, onda onlar daha təhlükəli olur, daha məntiqsiz addımlara əl atırlar. Ona görə də düşünürəm ki, belə cərəyanların genişlənməməsi üçün maarifləndirmə işinin aparılması vacibdir. Burada maarifləndirmənin xüsusi rolu və əhəmiyyəti var.

- Ölkədə dini maarifləndirmənin səviyyəsini necə qiymətləndirirsiz?

- Mən Azərbaycanda dini maarifləndirmənin səviyyəsini qənaətbəxş hesab etmirəm. Ölkədə bu sahədə ciddi problemlər mövcuddur. Təəssüf ki, hələ də bəzi insanlarda dini dəyərlərimizə qarşı müəyyən qədər ehtiyatlı mövqe var. Xüsusilə kütləvi informasiya vasitələrində dini dəyərlərimiz geniş şəkildə təbliğ olunmalıdır. Televiziyalarda bayağı verilişlərin sayının artması mənəvi aşınmaya gətirib çıxarırsa, dinimizi, mənəvi dəyərləri təbliğ edən verilişlərin çoxluğu gənc nəslin mənəvi səviyyəsinin, ruhiyyəsinin yüksəlməsinə səbəb olar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!