
“İranın nüvə proqramı siyasi problemə çevrilib”
APA-nın  İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud  Əhmədinejad İndoneziyada jurnalistlərə açıqlamasında deyib. O bildirib  ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik Tehranla Vaşinqton  arasında həll edilməlidir: “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin  üzvü olan bütün dövlətlər, hətta “altılıq” ölkələr İranın bu problemi  ABŞ-la həll etməsi lazım olduğunu açıq şəkildə söyləyirlər”. 
 
 M. Əhmədinejad İranın nüvə proqramının şəffaf olduğunu göstərmək üçün  bütün ölkələrin elm insanlarını İranın nüvə obyektlərini ziyarət etməyə  çağırıb: “Bütün dövlətlərin nümayəndələri bizim nüvə obyektlərimizi gəzə  bilər. Müxtəlif ölkələrin elm adamları gəlib fəaliyyətlərimizi yaxından  görsünlər və nüvə proqramımızın hərbi məqsədli olmadığına şahid  olsunlar. İran nüvə obyektlərinin qapılarını mediaya açan yeganə  ölkədir”.  
 
 İran prezidenti bəyan edib ki, Tehranın nüvə problemini həll etmək üçün  hər hansı yeni bir təşkilata ehtiyac yoxdur: “İranın nüvə proqramı  ətrafında yaranmış gərginliyin həlli üçün ABŞ-ın öz mövqeyini düzəltməsi  kifayətdir. Bu dəyişiklik ABŞ və xalqının faydasına olacaq. Beynəlxalq  agentlik dəfələrlə İranın nüvə obyektlərini ziyarət edib və hazırladığı  10-dan çox hesabatda Tehranın atom bombası istehsal etdiyinə dair hər  hansı bir dəlilə rast gəlinmədiyini vurğulayıb”.