Suriyada Qurban bayramında hökumət qüvvələri ilə üsyançılar arasında atəşkəs qərarı verilməsinə baxmayaraq, qanlı toqquşmalar davam edib.
150 nəfərə yaxın insanın öldürüldüyü deyilir.
Suriyanın bəzi bölgələrində silah səsləri eşidilməsə də Hələb, Dəməşq və İdlibdə qarşıdurmalar davam edib, atəşkəsin pozulmasında isə Əsəd rejimi ilə müxalifət bir-birini ittiham edib. Suriya ordusunun nümayəndəsi bayram günü döyüşlərlə əlaqədar “Atəşkəs davam edir, amma hücumlara qarşılıq veririk” deyərək açıqlama verib.
Bu arada Suriyadan qaçan erməni ailələri işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilir. ANS-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir.
Qardaşlara kömək təşəbbüsü ilə erməni ailələrə pul verildiyi və ərzaq yardımının ediləcəyi də bildirilir. Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.
Qeyd edək ki, Ermənistan tərəfindən oktyabrın 22-də İrəvan-Hələb aviareysi ilə Suriyaya 2 ton humanitar yardım edilib.