Analitika və müsahibə » Siyasi partiyalar həlak olanların 7-si günü matəm elan etməyə və “Gül bayramını” ləğv etməyə çağırır.
Bu gün, mayın 6-da “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın”a daxil olan siyasi partiyaların növbəti toplantısı keçirilib.

Müsavat Partiyasının qərargahında keçirilən toplantıda bir sıra regional məsələlər, o cümlədən mayın 7-də Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin “Şərq tərəfdaşlıq” təşəbbüsü ilə bağlı sammiti geniş müzakirə edilib. Toplantıda iştirak edən partiya liderləri bu təşəbbüsü yüksək qiymətləndirib və bu tərəfdaşlıq prosesində demokratiya və insan haqları məsələsinin prioritet olmasını zəruri hesab etdiklərini bildirmişlər.

Vətəndaş Hərəkatına daxil olan partiyalar, NATO-nun sonuncu 2 sammitində qəbul edilmiş yekun qətnaməsində, bu günlərdə isə NATO Baş katibinin bəyanatında Azərbaycanın ərazi bütövlüyünə dəstək verildiyini müsbət dəyərləndirir və ölkəmizin geostrateji seçim etməsinin çox ləngidiyini bir daha qeyd edərək Azərbaycan hökumətinə təklif edir ki, Azərbaycanın NATO üzvlüyünə qəbul edilməsi üçün rəsmi müraciət etsin.

Toplantıda həmçinin 30 apreldə ADNA-da baş verən, onlarla insanın ölümünə və ağır yaralanmasına səbəb olan qanlı faciə geniş müzakirə olunub.

Bu faciə zamanı hökumətin ekstremal vəziyyətə hazır olmadığı üzə çıxıb. Hüquq mühafizə orqanları operativ fəaliyyət göstərə bilməmiş, insanların həyatını qorumaq, yaralıları xilas etmək üçün operativ tibbi yardım göstərilməmişdir.

Bakı şəhərində 100-lərlə videokameralar olduğu halda, minlərlə tələbənin təhsil aldığı təhsil müəssisəsində videokameraların olmaması başa düşülən deyil

Silahlı cinayətkarın sərhədlərimizi sərbəst şəkildə keçməsi belə bir həssas bölgədə yerləşən ölkəmizin sərhədlərinin ciddi qorunmadığı qənaətini yaradır.

Faciədən sonra hökumətin informasiyanı xalqdan gizlətməyə cəhd göstərməsi, televiziyaların bu faciəyə laqeyd qalaraq öz ənənəvi şou-əyləncə proqramını davam etdirməsi çox böyük narazılıqla qarşılanmışdır.

Azərbaycan hökumətinin faciədən sonra ölkədə matəm elan etməməsi, üstəlik 10 mayda heç bir ciddi əsas olmayan, indiki faciə günlərində isə çox yersiz görünən “Gül bayramı”na hazırlaşması, faciə qurbanlarının ruhuna, xalqımızın hisslərinə açıq hörmətsizlikdir.

Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar iqtidari gec də olsa həlak olanların 7-si günü- 7 mayda matəm elan etməyə və “Gül bayramını” ləğv etməyə çağırır.

Deyerler.Org

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!