"Trans Anadolu boru kəməri (TANAP) layihəsi İran qazının satışı üçün təhlükə deyil"
Bu layihə icra olunarsa, ildə 16-20 milyard kubmetr qaz ixrac edəcək. Bunu İranın Milli Qaz İxracatı Şirkətinin direktoru Hüseyn Bidarməğz deyib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.
Bidarməğz bildirib ki, coğrafi mövqeyinə görə, İranın öz qazının ixracı üçün müxtəlif variantları və bazarları var.
O, Türkmənistan qazının TANAP vasitəsi ilə daşınmasına da münasibət bildirib və qeyd edib ki, Türkmənistan qazının Xəzər dənizi vasitəsi ilə Trans Anadolu boru kəməri ilə ötürülməsi mümkünsüzdür.
Bidarməğz deyib ki, İran və Rusiya Xəzərin ekologiyasının qorunması məqsədilə dənizinin dibi ilə boru kəmərinin çəkilməsinə razı deyillər. Buna görə də, Türkmənistan qazı Trans Anadolu boru kəmərinə yalnız İran vasitəsi ilə ötürülə bilər.
Onun sözlərinə görə, İran öz ərazisi vasitəsilə Türkmənistan qazının Türkiyəyə nəqlinə hazırdır.
Azərbaycan və Türkiyə arasında iyunun 26-da Trans Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması barədə hökumətlərarası saziş imzalanıb.