London Olimpiadasında sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov və 84 kq çəki dərəcəsində Şərif Şərifov qalib olublar.
“Apasport.az” saytının məlumatına görə, 19 yaşlı T. Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu B. Kuduxovu ilk hissədə 1:0 hesabı ilə məğlub edib. Ardınca rusiyalı idmançı revanşa cəhd etsə də, Əsgərov ona imkan verməyib. İkinci hissədə Toğrul Əsgərov Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.
Şərif Şərifov isə 84 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Puerto Riko idmançısına heç bir şans verməyib.
Bununla da Azərbaycan Olimpiadada növbəti rekordunu vurub. Apasport.az saytının məlumatına görə, yığmamız XXX London Yay Olimpiya Oyunlarında medal sayında imza atdığı ilkin ardından medal əyarında da tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.
Belə ki, ölkəmizin rekordu 12 il əvvələ - Sidney Olimpiadasına məxsus idi. Həmin vaxt idmançılarımız 2 qızıl və 1 bürünc medala sahib olmaqla, Olimpiada tariximizdə yeni səhifə açmışdılar.
Lakin bu uğur 12 il dəyişməz qalsa da, Londonda yenisi ilə əvəz olundu. Olimpiyaçılarımız artıq 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmaqla, 2 yeni rekordu birdən müəyyənləşdiriblər.
Həm medalların sayında, həm də medalların əyarında yığmamız ilkə imza atmaqla, Azərbaycan idmanının yüksəlişə doğru getdiyini bir daha təsdiqləyiblər.
Komandamızın heyətində bu dəfə Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Sidneydə Namiq Abdullayevlə Zemfira Meftahətdinova qızıl, Vüqar Ələkbərov bürünc medala layiq görülmüşdülər.