Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan əsgərinin ermənilərə əsir düşməsi xəbərini araşdırır.
Bu barədə APA-ya məlumat verən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, bu barədə hələlik Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb: “Biz bu barədə mətbuatdan məlumat əldə etmişik. Hələlik Müdafiə Nazirliyi ilə dəqiqləşdirmə aparmaq mümkün olmayıb. Hazırda biz bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişik.
Dəqiqləşdirmənin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Firuz Fərəcovun əsir götürülməsi barədə rəsmi məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, “bu gün Azərbaycan vətəndaşı, sıravi Firuz Fərəcov Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində sərhədi keçərək erməni snayperlərinə təslim olub. Sərhəd pozucusu saxlanıb, araşdırma aparılır”. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərinin əsir götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlandırıldığını deyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova APA-ya bildirib ki, onlar bu barədə məlumatı mətbuatdan alıblar: “Hələlik BQXK-da bununla bağlı məlumat yoxdur”.